
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortası
növlərinin hesabına 95,313 milyon manat sığorta haqqı
toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 6,4 milyon manat və ya 6,3% azdır.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər
isə 2,9 milyon manat və yaxud 16,2% artaraq 21,098 milyon manata
çatıb.
Beləliklə, bu ilin yanvar ayında qeyri-həyat sığortası bazarında
toplanmış hər 100 manat sığorta haqqının 22,1 manatı müştərilərə
geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət
göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat
məbləğində sığorta haqqı toplanıb.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə
müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon
manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%
artıb.


