
Gürcüstanda son dövrlərdə ölkə daxilində saxta terror təhdidləri və yalan məlumatların yayılması halları artıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Məlumata görə, müxtəlif şəhərlərdə dövlət qurumlarının elektron poçt ünvanlarına, məktəblərə, ictimai və inzibati binalara bomba qoyulması və ya partlayış təhlükəsi barədə anonim təhdid mesajları göndərilib. Təhdidlərin əsas məqsədi ictimai panika yaratmaq olub.
DTX-nin terrorizmlə mübarizə mərkəzinin əməkdaşları Tbilisi, Kaxeti və Kvemo Kartli bölgələrində eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində terror məzmunlu saxta məlumatlar yayan bir neçə nəfəri müəyyən edib. 2006-cı il təvəllüdlü şəxs terrorla bağlı yalan məlumat yaymaq ittihamını etiraf edərək saxlanılıb. Digər şübhəlilər üzrə istintaq davam edir.
Axtarışlar zamanı mobil telefonlar, kompüterlər, yaddaş kartları və digər elektron məlumat daşıyıcıları müsadirə edilib. İstintaq zamanı müəyyən olunub ki, təhdid mesajlarının yayılmasında müasir IP ünvan maskalama texnologiyaları və səs dəyişdirmə proqramlarından istifadə edilib.
Qurumdan bildirilib ki, bütün daxil olan təhdid məlumatları təhlükəsizlik məqsədilə müstəqil şəkildə araşdırılıb və bu mərhələdə faktlar təsdiqini tapmayıb. Bununla belə, hüquq-mühafizə orqanları təhlükəsizlik tədbirlərini gücləndirib.
DTX xəbərdarlıq edib ki, terrorizm və ya partlayış təhdidi ilə bağlı saxta məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur və belə əməllərə görə şəxslər 3 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər. Hüquq-mühafizə orqanları bu cür halların qarşısını almaq üçün texniki nəzarət və araşdırmaları davam etdirir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


