
2025-ci il ərzində ölkədə qeydə alınmış 31 852 cinayət hadisəsinin 7763-ü və ya 24,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da əvvəlki ilin göstəricisindən 12,4 faiz azdır.
Həmin cinayətlərin 63,5 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,3 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 2,4 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,8 faizini isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər təşkil etmişdir.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 5657 şəxs müəyyən edilmişdir. Onların 35,8 faizini əvvəllər də cinayət törətmiş şəxslər təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 23,1 faiz azdır. Cinayət törətmiş şəxslərin 98,4 faizi cinayət məsuliyyətinə cəlb olunmuş, 1,6 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilmişdir.
Cinayət törətmiş şəxslərin 60,9 faizini əmək qabiliyyətli yaşda olub işləməyən və təhsil almayanlar, 3,0 faizini qadınlar təşkil etmişdir. Cinayət törədənlərin 0,3 faizi 14-17 yaşlı yetkinlik yaşına çatmayanlar, 6,5 faizi 18-24 yaşlı, 14,6 faizi 25-29 yaşlı gənclər, 78,6 faizi isə 30 və yuxarı yaşlı şəxslər olmuşdur.
Bununla yanaşı, 2025-ci il ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 3051 inzibati xəta qeydə alınmışdır ki, onlardan da 88-i qadınlar tərəfindən törədilmişdir.
2025-ci ildə 11539,1 kiloqram və ya əvvəlki ilin göstəricisi ilə müqayisədə 23,7 faiz çox narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və tərkibində narkotik maddələr olan bitkilər müsadirə edilərək götürülmüşdür. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 7606,7 kiloqramını marixuana, 2672,9 kiloqramını ölkə ərazisində bitən, tərkibində narkotik maddələr olan bitkilər, 773,7 kiloqramını heroin, 142,2 kiloqramını tiryək, 161,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 162,7 kiloqramını psixotrop maddələr (onlardan 162,6 kiloqramı metamfetamin), 19,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil etmişdir.


