Ceyhun Bayramov müsəlman ölkələrinin səfirləri üçün təşkil olunan iftar tədbirində iştirak etdi

Baş səhifə

Bakı. Trend:

Fevralın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Azərbaycanda akkreditə olunmuş müsəlman ölkələrinin
səfirləri üçün Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş
iftar tədbirində iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov
çıxışında müqəddəs Ramazan ayının başlanması münasibətilə
təbriklərini çatdırıb, ölkəmizə və dünyamıza sülh, əmin-amanlıq
arzu edib.

İslam dünyasını bir-birinə bağlayan bu müqəddəs ayın yüksək
mənəvi dəyərləri aşıladığı vurğulanıb.

Azərbaycan cəmiyyətinin milli-mənəvi dəyərlərində, o cümlədən
müxtəlif icmaların nümayəndələrinin sülh içində birgə yaşayış
təcrübəsində İslam dininin və Ramazan ayının xüsusi yeri və
rolundan bəhs olunub.

Azərbaycanın, sivilizasiyaların və mədəniyyətlərin qovşağında
yerləşən ölkə olaraq, multikulturalizm və dinlərarası harmoniyanı
dövlət siyasətinin əsas sütunları kimi beynəlxalq səviyyədə təşviq
etdiyi xatırlanıb.

Bununla belə, bir sıra ölkələrdə İslam dininə qarşı çevrilən
diskriminasiya, islamofobiya meylləri, müsəlman aləmində baş verən
münaqişələr nəticəsində yaranan qeyri-stabilliyin narahatlıq
doğurduğu diqqətə çatdırılıb. İslam dünyasındakı birlik və
həmrəyliyin bu kimi çağırışlarla mübarizədə əhəmiyyəti
vurğulanıb.

Çıxışda həmçinin Yaxın Şərqdə vəziyyətə, xüsusilə Qəzzada davam
edən humanitar böhranlara diqqət çəkilib, münaqişənin sülh yolu ilə
həllinin vacibliyi qeyd olunub.

Daha sonra, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun
duayeni, Mərakeş Krallığının ölkəmizdəki səfiri Adil Embarş çıxış
edərək, Ramazan ayı münasibətilə təbriklərini diqqətə çatdırıb.

Sonda, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Ceyhun
Rüstəmov tərəfindən iftar duası oxunub, tədbir iştirakçıları üçün
iftar süfrəsi açılıb.