Hyustonda Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən
Müqəddəs Tomas Universitetində (University of St. Thomas) Xocalı
soyqırımının 34-cü ildönümünə həsr olunan “III Qlobal Dialoq
Konfransı: Tarixi Yaddaş Sülhün Təməli kimi” (III Global Dialogue
Conference: Historical Memory as a Foundation of Peace) adlı
beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Hyuston Qardaşlaşmış
Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Trend xəbər
verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

Bildirilir ki, konfrans Azərbaycan Respublikasının və Amerika
Birləşmiş Ştatlarının dövlət himnləri səsləndirilməsi, Xocalı
soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad
edilməsi ilə başlayıb. Tədbirdə Diasporla İş üzrə Dövlət
Komitəsinin əməkdaşları, Azərbaycan Respublikasının Amerika
Birləşmiş Ştatlarındakı Səfirliyinin nümayəndəsi, Müqəddəs Tomas
Universitetinin professorları, alimlər və Azərbaycan icmasının
üzvləri iştirak ediblər.

Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə
Axundova Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı və
faciəli səhifələrindən biri olduğunu vurğulayıb, bu dəhşətli
hadisənin mahiyyəti və tarixi faktları barədə ətraflı məlumat
verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova
dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunan
ardıcıl və genişmiqyaslı tədbirlərin bəşəriyyətə qarşı törədilən,
insanlığa sığmayan terror aktının unudulmamasına xidmət etdiyini
bildirib. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün
çatdırılmasının, xocalılara qarşı törədilən cinayətlərin
hüquqi-siyasi qiymət almasının vacibliyini vurğulayıb. Eyni
zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə
Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakının
regionda sabitliyin təmin edilməsi və davamlı sülhün əldə olunması
baxımından xüsusi əhəmiyyət kəsb etdiyini ifadə edib.

Azərbaycanın ABŞ-dəki Səfirliyinin nümayəndəsi çıxışında
soyqırımı qurbanlarının xatirəsini anaraq, iki ölkə arasındakı
dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıb
və bu münasibətlərin sülhün möhkəmlənməsinə töhfə verdiyini
söyləyib.

Azərbaycan-Amerika Təşkilatları Alyansının vitse-prezidenti
Adika İqbal Xocalıda törədilən vəhşiliklərin, dinc əhaliyə qarşı
yönələn amansız cinayətlərin təkrar yaşanmaması üçün qlobal
həmrəyliyin vacibliyini qeyd edib.




Konfransda irlandiyalı tarixçi, “44 Gün: Qarabağ – işğaldan
azadlığa” kitabının müəllifi Patrik Uolşun videomüraciəti nümayiş
olunub. O, Xocalı hadisələrinin tarixi kontekstinə toxunaraq, 26
fevral 1992-ci ildə törədilən hadisələrin beynəlxalq ictimaiyyət
tərəfindən düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Xocalı soyqırımının ağrılı nəticələrini əks etdirən
“Xocalı qətliamı – Azərbaycanın tarixi” adlı sənədli filmin
nümayişi izləyicilərdə dərin kədər hissi yaradıb.

Konfrans günün ikinci yarısında panel müzakirələri ilə işini
davam etdirib.

Maliyyə sahəsi üzrə analitik, “LearnTheMoney.org” saytının
təsisçisi Əlimürsəl İbrahimovun moderatorluğu ilə keçirilən “Tarixi
yaddaş sülhün təməli kimi” adlı paneldə Şimali Karolina
Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamentinin
dosenti Əli Əsgərov, Cənubi Metodist Universitetinin fizika üzrə
professoru Dürdanə Balakişiyeva, Çində fəaliyyət göstərən jurnalist
və geosiyasi analitik Malik Ayub Sumbal, eləcə də Böyük Britaniyalı
politoloq və jurnalist Neil Vatson çıxış edib.

Paneldə Xocalı soyqırımının beynəlxalq hüquq baxımından
qiymətləndirilməsi, tarixi yaddaşın gələcək nəsillər üçün
qorunmasının əhəmiyyətindən danışılıb. İnformasiya müharibəsi və
xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın mövqeyini dünyaya
çatdırmaqda oynadığı rol geniş müzakirə olunub. Eyni zamanda,
Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, beynəlxalq
qətnamələrin icrasının təmin olunmamasının səbəbləri və bunun
humanitar nəticələri barədə fikir mübadiləsi aparılıb. Regiondakı
geosiyasi vəziyyət, post-münaqişə dövründə balanslı güc siyasətinin
və regional əməkdaşlığın önəmi, kommunikasiya xətlərinin açılması
və iqtisadi inteqrasiyanın uzunmüddətli sülhün təmin olunmasındakı
rolu diqqət mərkəzində olub.

Konfrans sual-cavab formatında müzakirələrlə işini davam
etdirib.