
Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində qarşıdan gələn yaz əkin
mövsümünə hazırlıq və qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrə
tədbirlər planının icra vəziyyəti ilə bağlı iclas keçirilib.
Trend xəbər verir ki,
tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
aqrar sahədə çalışan mütəxəssislər, su təsərrüfatına cavabdeh olan
şəxslər, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə
sədrləri və fermerlər iştirak ediblər.
İclasda əsas diqqət əkin sahələrində mövcud olan problemlərin, o
cümlədən suvarma sistemlərinin vəziyyəti, torpaqların
meliorasiyası, gübrə və toxum təchizatı məsələlərinin həllinə
yönəldilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qeyd edib ki,
Prezident İlham Əliyev aqrar sahəni ölkə iqtisadiyyatının prioritet
istiqamətlərindən biri kimi qiymətləndirir və bu sahənin inkişafına
daim xüsusi diqqət yetirir. Dövlət başçısının tapşırıqları əsasında
kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi, müasir
texnologiyaların tətbiqi və ixrac potensialının artırılması
məqsədilə genişmiqyaslı islahatlar həyata keçirilir. Xaçmaz
rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər uğurla icra
olunur.
Elnur Rzayev bildirib ki, məhsuldarlığın artırılması üçün
aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi,
fermerlərlə daimi əlaqənin gücləndirilməsi vacibdir. Həmçinin, yaz
əkinlərində istifadə olunacaq texnikaların sazlığı yoxlanılmalı,
yanacaq-sürtkü materialları ilə təminat təşkil edilməlidir. Əkin
sahələrinin və meyvə bağlarının normal suvarılması üçün nəzərdə
tutulan meliorativ tədbirlər vaxtında icra edilməlidir. İcra
başçısı bütün qurumları birgə fəaliyyət göstərməyə, mövsümi işlərə
maneə yarada biləcək çatışmazlıqların operativ şəkildə aradan
qaldırılmasını tapşırıb.
Digər çıxış edənlər də əkin sahələrinin şumlanması, əkin
növbəliliyinin gözlənilməsi və zərərvericilərə qarşı mübarizə
tədbirlərinin əvvəlcədən planlaşdırılması zərurətini
vurğulayıblar.
İclasda həmçinin qəhvəyi mərmər bağacığına qarşı mübarizə üzrə
tədbirlər planının icra vəziyyəti, zərərvericinin qışlama dövründə
aparılan monitorinqlərin nəticələri, mövsümə uyğun görülən işlər,
həmçinin əhali arasında maarifləndirmənin daha da genişləndirilməsi
məsələləri müzakirə olunub. Bu sahədə təxirəsalınmaz tədbirlərin
davam etdirilməsinin zəruriliyi vurğulanıb.


