
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yaxın vaxtlarda Bakı
və Abşeron yarımadasının su infrastrukturunun reabilitasiyası
layihəsi üzrə texniki-iqtisadi əsaslandırmaya (TİƏ) başlamağı
planlaşdırır.
Trend xəbər verir
ki, bunu AYİB-in Azərbaycandakı nümayəndəsi Real Hacıyev bu gün
Bakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə,
risklər və məsuliyyətli biznes fəaliyyəti” mövzusunda dəyirmi
masada çıxışı zamanı bildirib.
“Bakı və Abşeron yarımadasının su infrastrukturunun
reabilitasiyası üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə
əməkdaşlıq planlaşdırılır. Bu layihə üzrə texniki-iqtisadi
əsaslandırmaya yaxın vaxtlarda başlanması nəzərdə tutulur”, – deyə
o bildirib.
Hacıyev qeyd edib ki, Böyük Britaniya hökuməti bu layihə üzrə
TİƏ-nin aparılmasını dəstəkləyir.
Bank nümayəndəsinin sözlərinə görə, Azərbaycan, xüsusilə iki
böyük şəhərin yerləşdiyi Abşeron yarımadasında artan su qıtlığı
problemləri ilə üzləşir.
“Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsi olmasına baxmayaraq,
regionun su ehtiyatlarının cəmi 15 faizi onun payına düşür.
Həmçinin məlumdur ki, ölkənin su ehtiyatlarının 70 faizi
transsərhəd mənbələrdən daxil olur və bu mənbələrin 68 faizini
yerüstü sular təşkil edir”, – deyə Hacıyev bildirib.
Onun sözlərinə görə, bu, su ehtiyatlarının iqlim dəyişikliyinin
mövsümi və uzunmüddətli təsirlərinə qarşı getdikcə daha həssas
olduğunu göstərir.
“Bu problemlərin həlli üçün bütün infrastruktur layihələrinin
komponentlərinin kompleks və dayanıqlı şəkildə həyata keçirildiyi
sistemli yanaşmanın tətbiqi vacibdir”, – deyə AYİB nümayəndəsi
vurğulayıb.


