Faydalı qazıntı yataqlarının yerləşdiyi torpaqların rekultivasiyasına dair tələb müəyyənləşir

Baş səhifə

Faydalı qazıntı yataqlarının yerləşdiyi torpaq sahələrinin əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması üçün rekultivasiyasına dair tələb müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə “Yerin təki haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əlavə olunması təklif edilən 13-1-ci maddəyə (Yerin təki sahələrinin rekultivasiyası) əsasən, yerin təki istifadəçiləri işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin torpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təmin etməlidir.

Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.