
Bakı. Trend:
“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə
texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın
“CESİ” şirkəti məsləhətçi şirkət seçilmişdir. Bu məsləhətçi seçimi
ilə ilkin araşdırmaların 11 aylıq müddətdə aparılması
planlaşdırılır, yəni texniki-iqtisadi əsaslandırma 2027-ci ilin
əvvəllərində yekunlaşa bilər.
Bunu Trend-ə
özəl müsahibəsində Azərbaycanın energetika nazirinin müavini Elnur
Soltanov deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan, Qazaxıstan
və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və Avropaya
“yaşıl enerji” marşrutunun yaradılması nəzərdə tutulur:
“Məsləhətçi şirkətinin seçimi bu mərhələdə layihənin keyfiyyətli
və vaxtında tamamlanması üçün vacibdir, çünki əsaslandırma olmadan
investisiya və tikinti mərhələsinə keçmək mümkün deyil. Bu,
layihənin ümumi zaman qrafikinə birbaşa təsir göstərəcək”.
Nazir müavini bildirib ki, bərpa olunan enerji sahəsində mühüm
layihələrin icrası qarşıya qoyulmuş strateji hədəflərin mərhələli
şəkildə reallaşdırılmasına imkan yaradır:
“Bu çərçivədə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin
“Masdar” şirkəti tərəfindən inşa edilmiş, Xəzər regionunda və MDB
məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə
“Qaradağ” GES istismara verilmişdir.
Eyni zamanda, cari ilin 8 yanvar tarixində Səudiyyə Ərəbistanı
Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt
gücündə “Xızı–Abşeron” KES-in rəsmi açılış mərasimi keçirilmişdir.
Qeyd olunan layihələrin uğurla icra olunması ölkəmizdə bərpa olunan
enerji üzrə müəyyən edilmiş hədəflərin həyata keçirilməsində mühüm
mərhələ kimi qiymətləndirilir.
“Meqa” layihə çərçivəsində “Masdar” şirkəti tərəfindən 445 MVt
gücündə “Biləsuvar” GES, 315 MVt gücündə “Neftçala” GES, 240 MVt
gücündə “Abşeron-Qaradağ” KES layihələri icra edilir. 2025-ci ilin
2 oktyabr tarixində “Biləsuvar” GES-də ilk günəş paneli
quraşdırılmışdır. Hazırda stansiyanın tikintisi davam
etdirilir”.
E. Soltanov qeyd edib ki, bununla yanaşı, digər prioritet
layihələrin icrası da davam etdirilir:
“İşğaldan azad olunmuş ərazilərdə 240 MVt gücündə “Şəfəq” GES,
hər biri 50 MVt gücündə “Şəms” və “Üfüq” GES layihələrinin,
Naxçıvan Muxtar Respublikasında ümumi gücü 50 MVt olan 2 ədəd GES
layihəsinin icrası istiqamətində işlər həyata keçirilir. Eyni
zamanda, Çin Xalq Respublikasının şirkətləri ilə bərpa olunan
enerji sahəsində mühüm əməkdaşlıq sənədləri imzalanıb, dənizdə və
quruda bir sıra mühüm bərpa olunan enerji layihələrinin icrası
nəzərdə tutulur”.
Xəzər dənizində külək enerjisi layihəsi ilə bağlı 5 müxtəlif
ərazinin seçildiyini xatırladan nazir müavini hazırda həmin zonalar
üzrə işlərin davam etdirildiyini söyləyib. Onun sözlərinə görə,
Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi
ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və yaşıl enerji
hədəflərinə çatılması baxımından strateji əhəmiyyət kəsb edir:
“Dənizdə bərpa olunan enerji mənbələrinin texniki potensialı 157
QVt həcmində qiymətləndirilir. Sözügedən potensialdan səmərəli
istifadə olunması məqsədilə bir sıra müqavilələr imzalanıb. İlkin
mərhələdə Xəzər dənizində külək enerjisi layihələrinin icrası üçün
potensial ərazilər müəyyən edilib, bu ərazilər üzrə müvafiq dövlət
qurumlarından rəy alınıb, nəticədə sözügedən ərazilər üzrə
razılaşma əldə olunub. Hazırda bu ərazilərin bərpa olunan enerji
mənbələri ərazisi kimi müəyyən olunması istiqamətində işlər davam
etdirilir”.
E. Soltanov həmçinin üç əsas “yaşıl enerji dəhlizi” — Xəzə-Qara
dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa və Mərkəzi
Asiya-Azərbaycan-Avropa — üzrə görülən işlərdən də bəhs edib:
“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsi
çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın
ötürücü sistemlər operatorlarının iştirakı ilə birgə müəssisə
yaradılıb. Avropanı enerji və rəqəmsal kommunikasiya baxımından
Qara dənizin hər iki sahili ilə, eləcə də Xəzər dənizi regionu ilə
birləşdirəcək layihənin texniki-iqtisadi əsaslandırmasının bu ilin
birinci rübü ərzində yekunlaşması gözlənilir. Layihənin 1-ci
seqmentinin 2032-ci ildə, 2-ci seqmentinin 2036-ci ildə, 3-cü
seqmentinin isə 2040-ci ildə yekunlaşması nəzərdə tutulur.
Layihənin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin
(ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planına (TYNDP) daxil
edilməsi ilə bağlı müraciətə müsbət cavab verilib və layihə
20.10.2025-ci il tarixində TYNDP 2026 layihə portfelində yer alıb.
Növbəti mərhələdə layihəyə PCI/PMI (Qarşılıqlı və Ortaq Maraqlı
Layihələr) statusunun əldə edilməsi üçün müraciət ediləcək”.
E. Soltanov vurğulayıb ki, digər iki dəhliz –
“Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” da
ilkin texniki-iqtisadi araşdırma və razılaşma mərhələsindədir:
“Azərbaycan və Türkiyə enerji infrastrukturlarının inteqrasiyası və
Naxçıvan vasitəsilə elektrik ixracının həyata keçirilməsi
istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində “Cəbrayıl”
enerji qovşağının yaradılması məqsədilə 330/110/10 kilovoltluq
2×250 MVA gücündə “Cəbrayıl” yarımstansiyası tikilərək istifadəyə
verilmişdir. Zəngəzur dəhlizi ilə Ermənistan və/ və ya İrandan
keçməklə Cəbrayıl enerji qovşağı ilə Naxçıvanı birləşdirən 330
kV-luq elektrik verilişi xəttinin çəkilməsi və Naxçıvanda 330
kV-luq yarımstansiyanın tikilməsi nəzərdə tutulur”.
Nazir müavini müsahibəsində eyni zamanda Azərbaycan, Qazaxıstan
və Özbəkistan arasında imzalanmış Transxəzər Enerji Dəhlizi
sazişinin regionun enerji arxitekturasında üstünlüklərindən də
danışıb. O vurğulayıb ki, “Azərbaycan Respublikası, Qazaxıstan
Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş” regionda enerji əməkdaşlığının daha da
genişləndirilməsinə töhfə verir: “Bu saziş Mərkəzi Asiyadan böyük
həcmdə enerjini Avropa bazarlarına birləşdirəcək yeni “yaşıl
enerji” marşrutlarının yaradılmasına zəmin yaradır. Üç ölkənin
enerji sistemlərinin daha sıx inteqrasiyası regional enerji axını
və sabitliyini gücləndirə, Avropanın enerji diversifikasiyasına
töhfə verə bilər. Nəticədə, əsasən qaz və digər karbohidrogen
enerji mənbələrindən asılılıq azalaraq, bərpa olunan enerji payı
artacaq. Bu saziş, həmçinin regional əməkdaşlığı daha da
dərinləşdirərək enerji təhlükəsizliyi sahəsində yeni iqtisadi və
geosiyasi üstünlüklər yaradacaqdır”.
Nazir müavini, həmçinin bu ilin əvvəlində Bakıda imzalanan
Azərbaycan–İtaliya Birgə Hökumətlərarası Komissiyasının 6-cı
iclasının Protokolu və bunun iki ölkə arasında yaşıl enerji
sahəsində əməkdaşlığa təsirləri ilə bağlı fikirlərini də bölüşüb. O
xatırladıb ki, 6-cı iclasın Protokolu ilə Azərbaycan və İtaliya
arasında 73 fəaliyyət istiqamətini əhatə edən 2026–2027-ci illər
üçün Əməkdaşlıq Fəaliyyət Planı təsdiqlənib: “Sözügedən Fəaliyyət
Planı energetika da daxil olmaqla çoxsaylı sahələrdə əməkdaşlığın
genişləndirilməsini nəzərdə tutur. Yaşıl enerji sahəsində
əməkdaşlıq karbon azaldılması və bərpa olunan enerji sahəsində
investisiya və texnologiya mübadiləsini stimullaşdıra bilər.
“Xəzər–Qara dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi Avropaya bərpa
olunan enerjinin nəqli üçün yeni marşrut yaradır və Azərbaycanın bu
istiqamətdə rolunu artırır. Bu dəhliz Avropanın enerji
təhlükəsizliyini gücləndirərək neft və qazdan başqa təmiz enerji
mənbələrini təmin etmə potensialını genişləndirir. İtaliya və digər
Avropa ölkələri üçün bu marşrut, enerji diversifikasiyası, ixrac
şaxəliliyi və bərpa olunan enerjinin artan tələbatını ödəmək
baxımından strateji üstünlüklər yaradır”.
E. Soltanov sonda bu il və orta perspektivdə Azərbaycanın “yaşıl
enerji” siyasətində əsas prioritetlər və istiqamətlərlə bağlı
bunları qeyd edib: “Azərbaycanın uzunmüddətli sosial-iqtisadi
inkişaf strategiyasına uyğun olaraq formalaşdırılan “yaşıl enerji”
siyasəti 2026-cı ildə enerjidən səmərəli istifadənin təmin
edilməsini, bərpa olunan enerji mənbələrinin genişləndirilməsini,
böyükmiqyaslı külək və günəş layihələrinin icrasını, enerji
sektorunun mərhələli dekarbonizasiyasını, ixrac potensialının
artırılmasını və regional-beynəlxalq enerji əməkdaşlığının
gücləndirilməsini əhatə edir.
2030-cu ilə qədər 6 QVt, 2032-ci ilə qədər isə 8 QVt gücündə
külək və günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur.
Həmçinin 2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda hidro, günəş,
külək stansiyalari və damüstü panellər hesabına istehsal gücünün
1,6 QVt-a çatacağı, nəticədə 2 milyon tondan çox emissiyanın
azaldılması planlaşdırılır”.


