Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Şimali Amerika Birləşmiş Aerokosmik
Müdafiə Komandanlığı və Şimal Komandanlığı Arktika bölgəsində
Kanada və Danimarka ilə birlikdə təlimlərin başlandığını
açıqlayıb.
Trend xəbər verir ki, bununla
bağlı açıqlama ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəsmi
saytında dərc olunub.
Bildirilib ki, “Arktika Sərhədi 2026” adlı səhra təlimi fevralın
23-dən martın 13-dək Alyaskadan Qrenlandiyaya qədər müxtəlif
ərazilərdə keçirilir.
Təlimlərdə Danimarka və Kanada ilə yanaşı, Alyaska Milli
Qvardiyası, eləcə də ABŞ-nin müxtəlif qurumları, o cümlədən Federal
Təhqiqat Bürosu və Sahil Mühafizəsi iştirak edir.
Qeyd olunub ki, manevrlərin məqsədi döyüş hazırlığını artırmaq,
mövcud imkanları nümayiş etdirmək və ABŞ ilə Arktika regionundakı
tərəfdaşları arasında əməkdaşlığı daha da gücləndirməkdir.
Tapşırıqlar sırasında qanadlı raketlərə qarşı müdafiə
tədbirlərinin həyata keçirilməsi, pilotsuz uçuş aparatlarına qarşı
mübarizə, həmçinin Arktika şəraitində sağ qalma və hərəkət
bacarıqlarının tətbiqi yer alır.

