
Bakı. Trend:
Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsi qeyd
olunur.
Trend xəbər
verir ki, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su
çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.
Bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar.
Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə”
kimi də tanınır.
Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya
salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı
müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə
bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü
yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın
inamına görə, Su çərşənbəsi günü “təzə su”dan keçənlər,
azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su
təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə
süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət
görülür.
Qeyd edək ki, Od çərşənbəsi martın 3-də, Yel çərşənbəsi martın
10-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd
olunacaq.
Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45-də
daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd
olunur.


