
Bakı.Trend:
Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı
sahəsində pilot layihənin həyata keçirilməsi planlaşdırılır. Su
paylayıcı infrastruktura yaxınlıq və dənizin çirklənmə səviyyəsi
nəzərə alınaraq, layihə üçün Sumqayıt şəhəri ərazisi məqsədəuyğun
hesab edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Məlumata görə, bu ərazi 29,63 ha sahəni və sahil zolağını əhatə
edir.
“Sözügedən ərazi İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların
İnkişafı Agentliyinin balansındadır. Duzsuzlaşdırma zavodunun illik
istehsal gücü 100 milyon m³ təşkil edir ki, bu da Abşeron
yarımadasının hazırkı su tələbinin 20%-ni təşkil edir. 2026-2028-ci
illər Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına
qədər magistral kəmərin tikintisi də nəzərdə tutulub”.
Qurumdan əlavə edilib ki, layihənin müddəti 27,5 il təşkil edir
(2,5 il tikinti, 25 il istismar).


