İsveçrənin Qarabağ gündəliyində suallar doğuran aktivliyi – Şərh

Baş səhifə

Bakı. Trend:

Uzun illərdir beynəlxalq münasibətlər sistemində neytrallığın
simvolu kimi təqdim olunan İsveçrə bu statusunu diplomatik kapitala
çevirərək qlobal münaqişələrdə vasitəçi, humanitar təşəbbüslərin
isə mərkəzi kimi çıxış edib.

Bu fikirləri Trend-ə açıqlamasında siyasi şərhçi Elşad Həsənov
deyib.

Ekspert bildirib ki, Cenevrə şəhərinin beynəlxalq təşkilatların
əsas qərargahlarından birinə çevrilməsi, eləcə də bu ölkənin
diplomatik platforma kimi qəbul olunması İsveçrənin formalaşdırdığı
neytral imicin mühüm elementləridir. Lakin Cənubi Qafqazda,
xüsusilə Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra
İsveçrənin siyasi dairələrində müşahidə olunan aktivlik bu ənənəvi
neytrallıq siyasətinin praktik tətbiqi ilə bağlı suallar doğurmağa
başlayıb:

“2023-cü ildən sonra İsveçrə parlamentində “Swiss Peace
Initiative for Nagorno-Karabakh” adlı təşəbbüs və əlaqəli siyasi
platformaların formalaşdırılması bu kontekstdə xüsusi diqqət çəkir.
Formal olaraq “sülh təşəbbüsü” kimi təqdim olunan bu fəaliyyət
əslində artıq beynəlxalq hüquq çərçivəsində həll olunmuş ərazi
məsələsini yenidən siyasi müzakirə predmetinə çevirmək cəhdi kimi
qiymətləndirilə bilər.

Belə ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı və 2023-cü ildə
Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində
Qarabağ üzərində ölkənin suverenliyi tam şəkildə bərpa olunub və
regionda yeni geosiyasi reallıq formalaşıb.

Bu reallıq fonunda İsveçrə parlamentində müəyyən siyasi
qrupların Qarabağ məsələsini yenidən gündəmə gətirmək cəhdləri
obyektiv vasitəçilik təşəbbüsündən daha çox, regionda artıq başa
çatmış münaqişənin siyasi baxımdan “dondurulmuş status” şəklində
saxlanmasına yönəlmiş addım təsiri bağışlayır. Bu isə öz növbəsində
Ermənistan daxilində revanşist dairələrin siyasi ritorikasını
gücləndirə biləcək amil kimi çıxış edir. Münaqişənin hüquqi və
faktiki olaraq başa çatdığı bir şəraitdə bu cür təşəbbüslər sülh
müqaviləsinin imzalanmasına yönəlmiş diplomatik səylərin ruhuna
uyğun gəlmir”.

E.Həsənov vurğulayıb ki, diqqət çəkən digər məqam isə İsveçrə
parlamentində bu məsələ ilə bağlı səsləndirilən bəzi tezislərin
beynəlxalq informasiya məkanında müxtəlif geosiyasi mərkəzlər
tərəfindən uzun müddətdir formalaşdırılan narrativlərlə üst-üstə
düşməsidir. Bu, İsveçrənin ənənəvi olaraq qorumağa çalışdığı
obyektiv vasitəçi imicinin müəyyən siyasi təsirlər altında
transformasiyaya uğradığı ehtimalını gündəmə gətirir. Halbuki
İsveçrənin diplomatik nüfuzu məhz onun qərəzsiz və balanslı mövqeyi
üzərində qurulub:

“İsveçrənin regionla bağlı mövqeyinin müzakirəsi zamanı bu
ölkənin beynəlxalq humanitar institutlarla sıx bağlılığı da xüsusi
qeyd olunmalıdır. Məhz İsveçrənin ev sahibliyi etdiyi Beynəlxalq
Qırmızı Xaç Komitəsi kimi qurumlar uzun illərdir, münaqişə
zonalarında humanitar fəaliyyət həyata keçirir. Bu təşkilatların
fəaliyyəti formal olaraq humanitar prinsiplərə əsaslansa da,
onların yerləşdiyi ölkənin siyasi mühiti və diplomatik
prioritetləri ilə bağlı suallar zaman-zaman beynəlxalq ekspert
mühitində müzakirə mövzusu olub.

Eyni zamanda, İsveçrənin son illərdə Azərbaycana qarşı tənqidi
mövqedə olan siyasi fəallar və dairələr üçün aktiv fəaliyyət
platformasına çevrildiyi ilə bağlı iddialar da diqqət çəkir. Bu
kontekstdə xüsusilə keçmiş İsveçrə prezidenti və xarici işlər
naziri Didier Burkhalter dövründə baş verən hadisələr tez-tez
xatırlanır. Burkhalter 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə
“Dağlıq Qarabağ münaqişəsi”nin diplomatik həlli istiqamətində
proseslərdə iştirak edib. Lakin həmin dövrdə vasitəçilik
fəaliyyətinin münaqişənin hüquqi mahiyyətini və tərəflərin
statusunu adekvat şəkildə əks etdirib-etdirmədiyi ilə bağlı
müxtəlif qiymətləndirmələr səsləndirilirdi”.

Siyasi şərhçi əlavə edib ki, bütün bu proseslər fonunda
İsveçrənin Qarabağ məsələsində artan siyasi fəallığı onun ənənəvi
neytrallıq siyasətinin mahiyyəti ilə bağlı fundamental suallar
doğurur. Neytrallıq yalnız formal status deyil, eyni zamanda,
konkret siyasi davranış modelidir. Əgər bu davranış modelində
selektiv yanaşma elementləri müşahidə olunursa, bu, həmin ölkənin
vasitəçi kimi etibarlılığına birbaşa təsir göstərir.

“Cənubi Qafqaz hazırda münaqişədən sonrakı transformasiya
mərhələsini yaşayır. Azərbaycanın öz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etməsi regionda yeni təhlükəsizlik
arxitekturasının formalaşması üçün zəmin yaradıb. Bu mərhələdə
beynəlxalq aktorların əsas rolu mövcud reallıqları qəbul etmək və
sülh prosesinə konstruktiv töhfə verməkdən ibarət olmalıdır. Əks
halda, artıq tarixə qovuşmuş münaqişə elementlərini yenidən siyasi
gündəmə gətirmək cəhdləri yalnız regional sabitliyin
möhkəmlənməsinə deyil, əksinə, yeni siyasi gərginlik risklərinin
yaranmasına xidmət edə bilər.

İsveçrənin gələcək addımları bu baxımdan xüsusi əhəmiyyət kəsb
edir. Bu ölkə ya özünün formalaşdırdığı klassik neytrallıq və
obyektiv vasitəçilik ənənəsinə sadiq qalaraq sülh prosesinə
balanslı töhfə verəcək, ya da müəyyən siyasi təsirlərin
iştirakçısına çevrilərək uzun illər ərzində qazandığı diplomatik
nüfuzunu risk altına qoyacaq. Mövcud geosiyasi reallıqlar
şəraitində beynəlxalq aktorların əsas məsuliyyəti artıq həll
olunmuş münaqişələri yenidən siyasiləşdirmək deyil, davamlı sülhün
möhkəmləndirilməsinə xidmət etməkdir”, – deyə o fikirlərini
yekunlaşdırıb.