
Bakı. Trend:
Beynəlxalq elmi mərkəzlərin bioloqları təsdiqləyiblər ki,
Antarktidada vəhşi quşların kütləvi tələfatına səbəb yüksək
patogenli H5N1 quş qripi virusudur. 2023 və 2024-cü illərin yay
mövsümlərində 50-dən çox cənub qütb sahilqağayısı bu təhlükəli
virus səbəbindən tələf olub.
Trend xəbər verir ki,
tədqiqatın nəticələri “Scientific Reports” (SciRep) jurnalında dərc
edilib.
2024-cü ilin əvvəlində bir qağayı və iki sahilqağayısının
ölümündən sonra “S/V Australis” gəmisi ilə ekspedisiya təşkil
olunub. Ekspedisiya Cənub Şetland adalarında, Ueddell dənizi
sahillərində və Antarktida yarımadasında yerləşən on ərazini tədqiq
edib. Mütəxəssislər laborator analiz üçün xəstə və ölü quşlardan
toxuma nümunələri götürüblər. Bu, kütləvi ölüm hallarını birbaşa
infeksiya ilə əlaqələndirməyə imkan verib.
H5N1 virusu ilk dəfə 1996-cı ildə Cənub-Şərqi Çində qaz
fermasında aşkar edilib və sonradan Asiya, Avropa və digər
qitələrdə həm vəhşi, həm də ev quşları arasında yayılıb.


