Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Baş səhifə
Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Göygöl şəhəri, Azay Kazımov küçəsində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, fərdi sahibkar Əliyev Nizami Rza oğluna məxsus məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 4 ədəd maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlamasının aparılmadığı, həmçinin 1 ədəd maye qaz tutumunun istismar müddətinin bitdiyi və texniki diaqnostikaya cəlb olunmadığı, eləcə də 3 ədəd qeydiyyatda olmayan maye qaz tutumunun tam texniki müayinəsinin aparılmadığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.