
Bakı. Trend
Almaniya Kansleri Fridrix Merts transatlantik münasibətlərə
yenilənmiş və praktiki yanaşma təklif edib.
Trend xəbər
verir ki, Münxen Təhlükəsizlik Konfransında çıxış edən Merts,
qlobal çağırışların yalnız birlikdə həll oluna biləcəyini
vurğulayıb.
“Qlobal çağırışlar yalnız birgə həll oluna bilər”, – deyə o,
iqlim razılaşmalarından Ümumdünya Səhiyyə Təşkilatına qədər bir
sıra məsələlərdə əməkdaşlığın vacibliyini qeyd edib.
Merts, transatlantik münasibətlər ətrafında artan
qeyri-müəyyənliyə də toxunub.
“İndi artıq transatlantik tərəfdaşlığı öz-özünə başa düşülən bir
şey kimi qəbul etmək olmaz. Bu, ABŞ-də başladı, sonra burada –
Avropada, amma ehtimal ki, bu zalda da. Əgər bizim
tərəfdaşlığımızın gələcəyi varsa, onu yenidən qurmalı və yeni bir
şəkildə düşünməliyik. Bu yanaşma praktiki olmalıdır, qeyri-real
yox. Həm ABŞ, həm də Avropa tərəfdən dərk etməliyik ki, birlikdə
daha güclüyük”, – deyə o qeyd edib.
Kansler NATO içində etibarın vacib rolunu vurğulayıb və bu
alyansın hər iki tərəf üçün strateji üstünlük olduğunu
bildirib.
“Biz – avropalılar NATO-nun əsasında qurulmuş etibarın nə qədər
dəyərli olduğunu bilirik. Supergüc dövründə ABŞ də bu etibar
üzərində dayanacaq; hətta ABŞ təkbaşına hərəkət edərkən öz gücünün
sərhədlərinə çatır. Pentaqon bunu yaxşı başa düşür”, – deyə Merts
bildirib.
Bundan əlavə, Merts, transatlantik etibarın bərpası və
gücləndirilməsi səylərinə çağırıb.
“NATO-ya üzvlük yalnız Avropanın deyil, ABŞ-nin də rəqabət
üstünlüyüdür. Buna görə gəlin, birlikdə transatlantik etibarımızı
bərpa edək və gücləndirək”, – deyə o vurğulayıb.


