
Bakı. Trend:
İnkişafa qoyulan sərmaye qlobal qeyri-sabitliyin qarşısının
alınmasında həlledici əhəmiyyət daşıyır.
Trend xəbər verir
ki, bunu Avropa İttifaqının beynəlxalq tərəfdaşlıq üzrə ali
komissarı Yozef Sikela Münxen Təhlükəsizlik Konfransında çıxışında
deyib.
Onun sözlərinə görə, inkişaf üçün ayrılan büdcələr azalır,
halbuki Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün maliyyə
çatışmazlığı 4 trilyon ABŞ dolları təşkil edir.
Avrokomissar qeyd edib ki, qlobal inkişaf maliyyələşdirilməsinin
ümumi həcmi təxminən 200 milyard dollar səviyyəsindədir və bu
məbləğin təxminən 43 faizi, yəni 90 milyard dollardan çoxu
Avropanın payına düşür.
Sikela strukturla bağlı iqtisadi problemlərə, xüsusilə Afrikada
mövcud vəziyyətə də diqqət çəkib. Onun sözlərinə görə, sənaye
istehsalı indeksi Asiyada təxminən 30 faiz, Avropada 15–17 faiz və
ABŞ-də 15–16 faiz olduğu halda, burada 2 faizdən aşağı səviyyədə
qalır.
“Təkcə Afrikada yaxın beş il ərzində əmək bazarına 50–60 milyon
yeni işçi daxil olacaq. Qlobal miqyasda isə inkişaf etməkdə olan
ölkələrdə əmək qabiliyyətli yaşa çatan gənc nəsl üçün 1,2 milyard
iş yerinə ehtiyac yaranacaq. Əgər biz iş yerlərinin yaradılması
üzrə hazırkı trayektoriya ilə hərəkət etməyə davam etsək, növbəti
10–15 il ərzində cəmi 400 milyon iş yeri təmin edə biləcəyik. Yəni
tələb olunan sayın yalnız üçdə biri qədər”, – deyə o bildirib.
Bu kəsiri aradan qaldırmaq üçün Avropa komissarı yerli səviyyədə
iş yerlərinin yaradılmasına və əlavə dəyərin formalaşdırılmasına
yönəlmiş praktik tədbirlərə diqqətin artırılmasına çağırıb.
“Biz həqiqətən nəticə verən məsələlərə – məhz ölkələrin özündə
iş yerlərinin yaradılmasına və əlavə dəyərin formalaşdırılmasına
daha çox diqqət yetirməliyik”, – deyə o vurğulayıb.
Y.Sikela həmçinin özəl kapitalın səfərbər edilməsinin
vacibliyini qeyd edib.
“İkincisi, özəl investisiyaları təşviq etmək lazımdır, çünki
dövlət vəsaitləri heç vaxt kifayət etməyəcək. Biz maliyyə
alətlərinin kombinasiyası, ölkələrin investisiya cəlbediciliyinin
artırılması və müvafiq maliyyə mexanizmləri vasitəsilə risklərin
azaldılması yolu ilə inkişaf etməkdə olan ölkələrə özəl
investisiyaların genişləndirilməsinə töhfə verə bilərik”, – deyə o
bildirib.
Avropa komissarı inkişaf etməkdə olan ölkələrdə daxili gəlir
formalaşdırma sistemlərinin gücləndirilməsinin əhəmiyyətini də
vurğulayıb.
“Üçüncüsü, onlara öz daxili gəlirlərini səfərbər etməyə kömək
etmək lazımdır – vergi islahatları vasitəsilə öz iqtisadiyyatları
hesabına daha çox gəlir əldə etmələrinə şərait yaradılmalı, bu isə
baza sosial müdafiə sisteminin qurulmasına kömək edəcək”, – deyə o
yekunlaşdırıb.

