
Bakı. Trend:
Yaz fəsli mühit dəyişmək və yeni təəssüratlar qazanmaq üçün
gözəl fürsətdir. Mart ayında Novruz və Ramazan bayramları ilə
əlaqədar tətil günləri isə səyahət planlarını gerçəkləşdirməyə
əlverişli şərait yaradır.
Azərbaycan Hava Yolları (AZAL) sərnişinlərə geniş istiqamət
seçimi və çevik uçuş cədvəli təklif edir. Bu, həm qısa həftəsonu
səfərləri, həm də uzunmüddətli tətil üçün uyğun variant seçimini
asanlaşdırır. Aviaşirkətin marşrut şəbəkəsi Asiya, Yaxın Şərq və
Avropa şəhərlərini əhatə edir və bayram günləri ərəfəsində, eləcə
də tətil günlərində AZAL minlərlə beynəlxalq reys yerinə
yetirəcək.
Yazda ən çox haraya səyahət edilir?
Bayram günlərində xüsusilə Yaxın Şərq istiqamətləri və kurort
marşrutlarına maraq artır. Dubay ən çox üstünlük verilən
şəhərlərdən biridir. Artan tələbatı nəzərə alan AZAL bu marşrut
üzrə uçuş proqramını genişləndirib və əlavə reyslər təyin edib.
Yumşaq iqlimdə dincəlmək istəyənlər üçün AZAL regionun ən məşhur
kurortlarından biri olan Şarm-əl-Şeyxə reyslər həyata keçirir.
Bayram günlərini dəniz sahilində keçirməyi üstün tutan sərnişinlər
üçün isə Maleyə uçuşlar mövcuddur. Bu istiqamət xüsusilə
səfərlərini əvvəlcədən planlaşdıran sərnişinlər arasında
populyarlığını qoruyur. Yaz tətili dövründə mülayim havası və
zəngin turistik imkanları ilə seçilən Tel-Əviv də ən çox üstünlük
verilən şəhərlər sırasındadır.
Türkiyə: istənilən səyahət planına uyğun
istiqamətlər
Mart tətili dövründə Türkiyə AZAL-ın marşrut şəbəkəsində mühüm
yer tutur. İstanbul yüksək uçuş tezliyi ilə ən çox seçilən
istiqamətlərdən biridir. Bununla yanaşı, sərnişinlər Ankara, İzmir,
Antalya və Trabzona da səfər edə bilərlər. Bu şəhərlər həm işgüzar
səfərlər, həm də mədəni və istirahət məqsədli səyahətlər üçün
əlverişlidir.
Avropa: yaz şəhərlərini sevənlər üçün
AZAL-ın yaz uçuş cədvəlində Praqa, Vyana, Milan, Barselona,
Berlin, Paris və London istiqamətləri də yer alır. Bu şəhərlər daha
çox tarixi-mədəni səfərlərə üstünlük verən və səyahətlərini
əvvəlcədən planlaşdıran sərnişinlərin seçimidir. Praqa və Vyanaya
əlavə reyslərin təyin olunması isə bayram dövründə uçuş proqramını
daha da genişləndirir.
Mərkəzi Asiya: bayram ab-havasında səyahət
Yaz bayramları Mərkəzi Asiyaya səfərlər üçün xüsusilə münasib
vaxt sayılır. Bu regionda Novruz və Ramazan dərin mədəni ənənələrlə
bağlıdır. AZAL-ın Daşkənd, Səmərqənd, Ürgənc, Düşənbə və Bişkek
istiqamətləri sərnişinlərə tarixi şəhərlər və zəngin mədəni irslə
yaxından tanış olmağa şərait yaradır.
Şərqi Asiyaya səyahət
Bayram dövründə səyahət planlayan sərnişinlər üçün AZAL-ın Pekin
şəhərinə reysləri mövcuddur. Bu istiqamət Çinin zəngin tarixi və
Şərqi Asiyanın müasir ab-havası ilə tanışlıq üçün cəlbedici
seçimdir.
Əlavə uçuşlar və ən çox tələbat olan
istiqamətlər
Bayram mövsümündə artan tələbat fonunda AZAL 20–30 mart
tarixlərində 14 əlavə reys həyata keçirəcək:
• Dubaya 6 əlavə reys
• Tbilisiyə 6 əlavə reys
• Praqaya 1 əlavə reys
• Vyanaya 1 əlavə reys
18–30 mart tarixlərində AZAL-ın ən çox uçuş yerinə yetirdiyi
istiqamətlər:
• Tbilisi
• Moskva
• İstanbul
• Dubay
• Tel-Əviv
Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün
AZAL-ın rəsmi veb-saytına və
mobil tətbiqinə daxil ola,
həmçinin aviaşirkətin kassalarına və akkreditə olunmuş
agentliklərinə müraciət edə bilərsiniz.


