
Bakı. Trend:
Heydər Əliyev Fondu, “PASHA Holding” və “PMD Projects”in
təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu
ustalarının birgə zəhməti nəticəsində ümumdünya xalçaçılıq
tarixində analoqu olmayan, diametri 22,17 metr olan dairəvi əl
xalçasının toxunma prosesi artıq tamamlanıb.
Bu barədə Trend-ə “Azərxalça” ASC-dən məlumat verilib.
Bildirilib ki, Şuşa məscidi üçün iki ayrı dairəvi xalça
hazırlanıb: məscidin birinci mərtəbəsi üçün nəzərdə tutulan xalça
İsmayıllı emalatxanasında toxunaraq başa çatdırılıb, ikinci mərtəbə
üçün hazırlanan xalça isə “Azərxalça” ASC-nin Şabran
emalatxanasında toxunub.
Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsilməsi
prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
iştirak edib. Daha əvvəl Leyla Əliyeva İsmayıllı emalatxanasına baş
çəkərək xalça ilə yaxından tanış olub, toxucularla vaxt keçirib və
tarixi əsərə çevriləcək xalçaya ilmə atıb. Xalçanın son ilmələri
məhz Leyla Əliyeva tərəfindən vurulub.
Xatırladaq ki, “Qarabağ” qrupuna aid olan və “Xətai” xalçasının
elementlərini özündə birləşdirən bu nadir əsərin əsas toxunma
prosesi İsmayıllı emalatxanasında həyata keçirilib. Toxunma
prosesində 150 toxucu xanım tərəfindən təxminən 60 milyon ilmə
atılıb. Möhtəşəm əsərin toxunmasına 2024-cü il dekabrın 16-da
başlanılıb.
Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli
üslubda dəzgah sifariş edilib. İki mərtəbədən ibarət bu dəzgah
xaricdən dəvət olunmuş mütəxəssislər qrupu tərəfindən məhz
“Azərxalça” ASC üçün hazırlanıb.


