Bakı və Vaşinqton münasibətləri strateji müstəviyə yüksəlir – Deputat

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri
son dövrlərdə ölkəmizə həyata keçirilən ən yüksək səviyyəli
səfərlərdən biridir və Vaşinqtonun Bakı ilə münasibətlərin
inkişafına verdiyi önəmin bariz göstəricisidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova bildirib.

Deputat əlavə edib ki, sözügedən səfər ABŞ-Azərbaycan
münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına mühüm
zəmin yaradır. Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra
aktual məsələlər müzakirə olunub, iki ölkə arasında müxtəlif
istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, xüsusilə enerji
təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq, regional sabitlik və
nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi
müzakirə mövzuları sırasında yer alıb.

A.Həsənova qeyd edib ki, bu səfər yalnız ikitərəfli əlaqələrin
möhkəmləndirilməsi baxımından deyil, həm də regionun siyasi və
iqtisadi həyatına təsir göstərə biləcək mühüm qərarların qəbul
olunması ilə yadda qalıb:

“Belə ki, səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti
ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji
Tərəfdaşlıq Xartiyası”nın imzalanması iki ölkə arasındakı
münasibətləri tamamilə yeni mərhələyə çıxarmaqla yanaşı, müxtəlif
sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm hüquqi və
siyasi baza formalaşdıracaq”.

Deputat ABŞ-Azərbaycan münasibətlərinin tarixinə də toxunaraq
bildirib ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə
qurulub:

“ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri
olub və ötən dövrdə tərəflər siyasi, iqtisadi, təhlükəsizlik və
humanitar sahələrdə sıx əməkdaşlıq formalaşdırıblar. Xüsusilə
enerji sahəsində əməkdaşlıq münasibətlərin strateji xarakter
almasına ciddi töhfə verib. ABŞ Azərbaycanın təşəbbüsü ilə həyata
keçirilən Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi
qlobal enerji layihələrini daim dəstəkləyib. Bu layihələr təkcə
Azərbaycanın iqtisadi inkişafına deyil, eyni zamanda Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib.

Bununla yanaşı, Azərbaycan beynəlxalq terrorizmlə mübarizə,
regional təhlükəsizliyin təmin olunması və sülhməramlı missiyalarda
ABŞ ilə əməkdaşlıq edən etibarlı tərəfdaş kimi çıxış edib.
Azərbaycan hərbçilərinin Əfqanıstanda beynəlxalq koalisiya
qüvvələri tərkibində xidmət etməsi də iki ölkə arasında
təhlükəsizlik sahəsində əməkdaşlığın mühüm nümunələrindən hesab
olunur”.

Afət Həsənova vurğulayıb ki, Azərbaycan balanslaşdırılmış və
milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata
keçirir:

“ABŞ ilə münasibətlərin yüksək səviyyəyə çatması da məhz bu
ardıcıl və praqmatik xarici siyasət kursunun məntiqi nəticəsi kimi
qiymətləndirilə bilər. Yüksək səviyyəli qarşılıqlı səfərlər,
imzalanan sənədlər və genişlənən iqtisadi-ticarət əlaqələri
gələcəkdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın daha da
möhkəmlənməsinə xidmət edəcək. Bu baxmdan Vensin Azərbaycana səfəri
tarixi əhəmiyyət daşıyır”.