Tramp administrasiyasının Cənubi Qafqazda fundamental sülhün və davamlı inkişafın təmin olunmasında fəal iştirakı alqışlanmalıdır.
Bunu “Report”un Gürcüstan bürosuna analitik və politoloq Giya Abaşidze Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti Cey Di Vens ilə Bakıda keçirdiyi görüşünü şərh edərkən deyib.
O qeyd edib ki, Gürcüstan tərəfi bu görüşü Cənubi Qafqazda fundamental sülhün və davamlı inkişafın təmin olunması baxımından yüksək qiymətləndirir:
“Çoxşaxəli tərəfdaşlıq bütün regiona ciddi təsir göstərir. Sabitlik Cənubi Qafqaza, qonşu ölkələrə və ümumilikdə bütün bölgəyə rifah gətirir”.
Analitik qeyd edib ki, əməkdaşlığın əhatə dairəsi olduqca genişdir:
“Yüklərin tranziti, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, tikinti, kənd təsərrüfatı – sahələrin siyahısı kifayət qədər genişdir. Cənubi Qafqaz ölkələrinin hər birinin xarici tərəfdaşlarla nə qədər çox perspektivi olarsa, bu, ümumi inkişafımız və rifahımız üçün bir o qədər faydalıdır”.

Giya Abaşidze
Giya Abaşidze görüşdən sonra Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın hansı istiqamətlərdə davam etdiriləcəyinə də toxunub.
Onun sözlərinə görə, qardaş ölkələr arasında tərəfdaşlıq bütün region üçün mühüm əhəmiyyət kəsb edir:
“Qardaş ölkələrimiz arasında tərəfdaşlıq bütün regiona mühüm təsir göstərir. Azərbaycan–Gürcüstan münasibətləri mükəmməl və strateji xarakter daşıyır, uzunmüddətli dostluq və qarşılıqlı etimada əsaslanır və bir çox ölkələr üçün nümunədir”.
O qeyd edib ki, Azərbaycanın ABŞ ilə əlaqələrinin güclənməsi Gürcüstan–ABŞ və Azərbaycan–ABŞ əməkdaşlığının da müsbət dinamika ilə inkişafı üçün əlverişli zəmin yaradır və bu prosesin həm bu il, həm də gələcəkdə davam edəcəyi gözlənilir.


