İran üçün Azərbaycanla münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir – Dəmirçilu

Baş səhifə

Dost, qardaş və qonşu Azərbaycan Respublikası ilə münasibətlərin
inkişafı xüsusi əhəmiyyət kəsb edir.

Trend-in
məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Muctaba
Dəmirçilu bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 47-ci
illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu əlaqələr ortaq tarixi, mədəni, dini və
dil yaxınlığına, eləcə də qohumluq bağlarına söykənir və qarşılıqlı
maraqlar əsasında formalaşır.

Səfir deyib ki, bu günlər İran İslam Respublikası tərəfindən
Azərbaycan Respublikasının müstəqilliyinin tanınmasının və iki ölkə
arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 34-cü
ildönümünə təsadüf edir. İran İslam Respublikası 1991-ci ilin
dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri
olub, 1992-ci ilin martında isə Bakıda İran səfirliyinin fəaliyyətə
başlaması ilə ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm
institusional əsas yaradılıb.

Dəmirçilu əlavə edib ki, ötən 34 il ərzində İran Azərbaycanın
müstəqilliyinin sarsılmazlığı, milli suverenliyinin
möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası yolunda prinsipial
və dəyişməz mövqe nümayiş etdirib, hər zaman Azərbaycan dövləti və
xalqı ilə həmrəylik göstərib.

“Bu gün də hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi
nəticəsində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf
etməkdədir. Prezidentlər və digər yüksək vəzifəli şəxslər arasında
davamlı dialoq, enerji və nəqliyyat sahələri də daxil olmaqla birgə
iqtisadi layihələrin icrası, eləcə də İqtisadi, Elmi və Mədəni
Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclaslarının mütəmadi
keçirilməsi bu prosesdə mühüm rol oynayır.

Əminik ki, bu müsbət dinamikanın davamlılığı və
möhkəmləndirilməsi sayəsində ölkələrimiz arasındakı dostluq və
qardaşlıq münasibətləri yeni müstəviyə yüksələcək, xalqlarımız isə
bu sarsılmaz tərəfdaşlığın bəhrəsini daha dərindən hiss edəcəklər,”
– deyə o qeyd edib.