
Bakı. Trend:
Azərbaycan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının Avrasiya Həftəsi çərçivəsində keçirilən plenar
sessiyada iştirak edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata
görə, “Transxəzər nəqliyyat dəhlizi və regional iqtisadi
bağlantılar” mövzusuna həsr olunan tədbirdə Orta Dəhlizin artan
strateji əhəmiyyəti və ölkəmizin bu marşrutun inkişafındakı aparıcı
rolu diqqətə çatdırılıb.
Bildirilib ki, Orta Dəhliz tranzit marşrut olmaqla yanaşı,
regional iqtisadi inteqrasiya və Avrasiya məkanında əməkdaşlıq üçün
əsas platformaya çevrilib. Azərbaycanın son illərdə dəmir yolu,
liman, dəniz və logistika infrastrukturlarına yatırdığı
investisiyalar dəhlizin mövqeyini gücləndirib.
Azərbaycan nümayəndə heyəti iştirakçılara Bakı – Tbilisi – Qars
dəmir yolu xəttində modernləşdirmə işlərinin tamamlanması, Xəzər
dənizində limanların və flotiliyanın birgə genişləndirilməsi,
Zəngəzur dəhlizinin mühüm diversifikasiya elementi olması barədə də
məlumat verib.
Həmçinin vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizinin uzun
müddət rəqabətədavamlı olması təkcə yolların və infrastrukturun
qurulmasından asılı deyil. Bunun üçün sərhəd prosedurlarının
sadələşdirilməsi, qaydaların uyğunlaşdırılması, iş prosesinin
sürətləndirilməsi və rəqəmsal texnologiyaların tətbiqi də vacibdir.
Azərbaycan bu istiqamətdə təşəbbüslərini genişləndirir.
Qanunvericilikdə dəyişiklik edilib, müvafiq hüquqi baza
formalaşdırılıb, dövlət başçısının Fərmanı ilə əməliyyatların
səmərəliliyi və proqnozlaşdırma keyfiyyətini əhəmiyyətli dərəcədə
yüksəldəcək “Bir pəncərə” informasiya sistemi yaradılır.
Hazırlanmaqda olan Rəqəmsal Logistika Platforması nəqliyyat, gömrük
və logistika iştirakçılarını vahid elektron sistemdə birləşdirərək
real vaxt rejimində məlumat mübadiləsini təmin edəcək. Nəticədə
proseslər daha şəffaf və çevik həyata keçiriləcək.
Plenar sessiyada Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatı yanında Beynəlxalq Nəqliyyat Forumuna prezidentliyindən
də danışılıb. Qeyd edilib ki, nəqliyyat əlaqələrinin
gücləndirilməsi prezidentliyin prioritetlərindən biridir.
Azərbaycan Orta Dəhlizin dayanıqlı, rəqabətli, rəqəmsal və
inteqrasiya olunmuş regional bağlantı xəttinə çevrilməsi
istiqamətində əməkdaşlığı davam etdirməkdə maraqlıdır.


