Rusiyanın ordu generalına sui-qəsdin icraçısı BƏƏ-də saxlanılıb

Baş səhifə
Rusiyanın ordu generalına sui-qəsdin icraçısı BƏƏ-də saxlanılıb

Rusiya Ordusunun general-leytenantı Vladimir Alekseyevə sui-qəsdin icraçısı Lyubomir Korba BƏƏ-də saxlanılıb.

“Report”un Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi xəbər yayıb.

Qeyd olunur ki, cinayətin birbaşa icraçısı olan 1960-cı il təvəllüdlü Rusiya vətəndaşı Lyubomir Korba Dubayda saxlanılaraq Rusiya tərəfinə təhvil verilib.

Onun əlbir olduğu Rusiya vətəndaşları – Viktor Vasin və Zinaida Serebritskaya olub. Birinci şəxs Moskvada saxlanılıb, ikincisi isə ölkədən qaçıb. Cinayəti törədənlərin axtarışı davam edir.

Xatırladaq ki, V.Alekseyevə sui-qəsd 6 fevral səhəri Moskvanın Volokolamskoye şosesindəki yaşayış binasında baş verib. O, bir neçə güllə yarası alıb və xəstəxanaya aparılıb.

General-leytenant Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin birinci müavini vəzifəsini tutur. 2017-ci ildə Rusiyanın Qəhrəmanı adını alıb.