“Kreutz” kometası Günəşə yaxınlaşır

Baş səhifə

Bakı. Trend:

Yanvar ayında Atakama səhrasında həvəskar astronomlar tərəfindən
aşkar edilən kometanın aprelin əvvəlində Günəşə çox yaxın məsafədən
keçəcəyi gözlənilir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Alimlər bildirirlər ki, əgər kometa parçalanmasa, hətta gündüz
saatlarında belə görünəcək qədər parlaq ola bilər.

Astronomların məlumatına görə, 13 yanvar 2026-cı ildə kəşf
edilən C/2026 A1 (MAPS) məşhur “Kreutz” kometalar ailəsinə
daxildir. Bu ailə min illər əvvəl parçalanmış böyük göy cisminin
qalıqlarından formalaşıb.




Hesablamalara əsasən, kometa Günəş səthinə təxminən 120 min
kilometr məsafəyə qədər yaxınlaşacaq. “Günəşə toxunanlar”
(sungrazer) adlandırılan bu tip kometalar ya Günəşin güclü istiliyi
səbəbindən buxarlanır, ya da çox parlaq görünərək maraqlı səma
mənzərəsi yaradır.

Mütəxəssislər bildirirlər ki, kometa bu yaxın keçidi sağlam
keçərsə, aprelin ortalarında axşam səmada parlaq şəkildə müşahidə
oluna bilər. Hətta bəzi alimlər Günəşə ən yaxın anında onun gündüz
vaxtı çılpaq gözlə seçilə biləcəyini istisna etmirlər.

Kometa əsasən Cənub yarımkürəsindən daha yaxşı müşahidə
olunacaq.