
Bakı. Trend:
ABŞ Qəzza sektoru üzrə Sülh Şurası liderlərinin görüşünü
fevralın 19-da Vaşinqtonda keçirməyi planlaşdırır.
Trend-in
məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən
yazıb.
Nəşrdə bildirilib ki, ABŞ rəsmisinin və Qəzza üzrə Sülh Şurasına
daxil olan dörd ölkənin diplomatlarının sözlərinə görə, Ağ Ev şura
liderlərinin görüşünü fevralın 19-da keçirməyi nəzərdə tutur.
Portalın məlumatına əsasən, görüş ABŞ Sülh İnstitutunda (USIP)
baş tuta bilər. Sözügedən institut daha əvvəl ABŞ Prezidenti Donald
Trampın şərəfinə adlandırılıb. İlk görüşdən bir gün əvvəl Donald
Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında
danışıqların aparılması gözlənilir.
Qeyd olunur ki, təşkilat ilkin olaraq “Qəzza üzrə Sülh Şurası”
adlansa da, sonradan yeni beynəlxalq qurumun səlahiyyətlərinin
Fələstin anklavının hüdudlarından kənara çıxacağı məlum olub.
Yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı
beynəlxalq təşkilatın yaradılması barədə qərar verdiyini elan edib
və Azərbaycan Respublikasını bu təşkilatın təsisçi dövləti olmağa
dəvət edib.
Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh Şurasının
Nizamnaməsi”nin (Board of Peace Charter) imzalanması mərasimi
keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları “Sülh
Şurasının Nizamnaməsi” sənədini imzalayıblar.


