
Dünyada uşaqlar üçün sosial media istifadə məhdudiyyətləri artır.
Bir sıra ölkələr uşaqların sosial şəbəkələrə çıxışını ciddi şəkildə məhdudlaşdırır və ya qadağan edir.
Avstraliya 2025-ci ilin dekabrından etibarən 16 yaşdan aşağı yeniyetmələrin Instagram, TikTok, Facebook və digər sosial media platformalarına çıxışını bloklayıb, pozuntulara qarşı milyona qədər dollar cərimə tətbiq edir. İspaniya isə valideyn icazəsi olmadan 16 yaşdan aşağı uşaqlar üçün sosial mediaya çıxışı qadağan etməyi planlaşdırır.
Digər Avropa ölkələri – Danimarka, Fransa, İtaliya və Norveç də yaş məhdudiyyətləri və valideyn nəzarəti tələblərini gücləndirmək üzərində işləyir.
Dünyanın bir sıra ölkələrində uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrə məhdudiyyətlərin sərtləşdirilməsi fonunda Azərbaycanda da bu məsələ ictimai və ekspert müzakirələrinin gündəminə çıxıb. Mütəxəssislər sosial medianın azyaşlıların psixoloji inkişafına təsiri, onlayn təhlükəsizlik və valideyn nəzarəti mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Bu gün (06 fevral 2026-cı il) saat 09 radələrində İdrak liseyində baş vermiş şagirdin silahdan atəş açaraq öz müəlliməsini ağır yaralaması faktı sözügüdən mövzunu daha da aktual edir. (//modern.az/az/hadise/565351/bakida-sagird-muellimi-gulleledi/)
Sosioloq və psixoloqların məsələyə situativ yanaşması ilə bərabər bu kimi cinayət hadisələrinin sosial şəbəkələrdən qaynaqlanması tezisini istisna etmirlər.
Milli Məclisin üzvü Hikmət Məmmədov Modern.az-a açıqlamasında Azərbaycanda sosial şəbəkələrin uşaq və yeniyetmələr tərəfindən istifadəsi hallarına münasibət bildirib.
O qeyd edib ki, sosial şəbəkələr bir çox halda gənc nəslin formalaşmasına, milli dəyərlərin və milli maraqların qorunmasına mənfi təsir göstərir:
“İnformasiyanın nəzarətsiz və asan əlçatan olması hələ milli və dövlətçilik təfəkkürü tam formalaşmamış gənclərin davranışlarına mənfi təsir edir. Nəticədə bioloji və genetik baxımdan davamçımız olan gənc nəsil düşüncə baxımından fərqli sosial varlığa çevrilir.
Sosial şəbəkələrin filtrlənməsi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə olunur. Türkiyədə də sosial şəbəkələrin hüquqi tənzimlənməsi istiqamətində addımlar atılır. Bu təcrübələr nəzərə alınaraq Azərbaycanda da müvafiq qanunların qəbuluna ehtiyac var və bu, milli maraqlara xidmət edər”.
Deputat qeyd edib ki, qadağa prosesində yaş kateqoriyaları, hansı yaşa hansı məsuliyyətlərin tətbiq olunacağı sosioloqlar və psixoloqlar tərəfindən xüsusi şəkildə təhlil edilməli, sərhədlər dəqiq müəyyənləşdirilməlidir:
“Hazırda formalaşmaqda olan beynəlxalq təcrübə öyrənilməlidir. Azərbaycan mentaliteti və milli psixologiyası nəzərə alınmaqla müvafiq qanunlar qəbul edilə bilər”.
Hikmət Məmmədov əlavə edib ki, sosial şəbəkələr şirkət formasında fəaliyyət göstərir:
“Digər ölkələrdə olduğu kimi ölkəmizdə də müqavilə əsasında müəyyən yaş kateqoriyaları və kontent növləri üzrə tənzimləmə tətbiq oluna bilər. Dünya təcrübəsində sosial şəbəkələr məhkəməyə verilməsi, məsuliyyətə cəlb edilməsi faktları da var. Məqsəd qadağa yox, onlayn platformaların potensialını milli maraqlar üçün səmərəli istifadə etməkdir”.


