Üçtərəfli işçi qrupu 2023-ün iyunundan toplaşmır – Lavrovdan reaksiya

Baş səhifə

Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişlər Cənubi Qafqazda nəqliyyat problemlərinin həllinə imkan yaradır.

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin sədri Alen Simonyanla Moskvadakı görüşdə bildirib.

“Cənubi Qafqazda vəziyyətin nə qədər mürəkkəb olduğunu görürük. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri səviyyəsində 2020-2022-ci illərdə razılaşdırılmış təməl, bizim fikrimizcə, regiondakı bütün iqtisadi, nəqliyyat və logistika problemlərinin həlli üçün aktuallığını qoruyub saxlayır”, – deyə rusiyalı nazir bildirib.

Onun sözlərinə görə, Ermənistan bu qərarlardan əhəmiyyətli dərəcədə faydalanacaq və regionun normal fəaliyyətinə mane olan bütün maneələr aradan qaldırılmalıdır.

Lavrov xatırladıb ki, üç ölkənin baş nazir müavinləri liderlərin razılaşmaları əsasında qəbul edilən qərarlar barədə müntəzəm olaraq ünsiyyət qururlar.

Xatırladaq ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri – Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun son iclası 2023-cü ilin iyun ayında Moskvada keçirilib.