
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Çarxı kəndində növbəti səyyar qəbulunu keçirib.
Bu barədə Trend-ə icra hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, qəbulda Çarxı İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyinə daxil olan Çarxı və Xanlıqoba kəndlərinin sakinləri
iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin elektrik təsərrüfatının yenilənməsi, su təchizatının
yaxşılaşdırılması, daxili yolların təmiri ilə bağlı müraciətlər
səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.


