Əlibaba Məmmədov Qədir Rüstəmovun 17 mahnısını sildirib – Xanəndənin xanımı ilə MÜSAHİBƏ

Baş səhifə

Fatma Rüstəmova: “Qədir müəllim Şuşa xanənədələr məkətəbinin sonuncu nümayəndəsidir”

“Muğam müsabiqəsində Qədiri təqlid edənlərin balını kəsirdilər, o da arxada oturub baxırdı”

Qədir Rüstəmovun sənəti haqqında çox danışılıb: səsi, ifası, muğam məktəbindəki yeri çox müzakirə olunub. Amma onu hamıdan yaxşı tanıyan, son ana qədər yanında olan, həyatının bütün məqamlarını və sirlərini bölüşən xanımı Fatma Rüstəmova qədər Qədir Rüstəmovdan danışa biləcək adam çox azdır.

Modern.az saytı Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi, Xalq artisti Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova ilə müsahibəni təqdim edir:

Müsahibə Fatma xanımın xatirələri üzərində qurulub. Burada oxucu məşhur xanəndəni səhnədən yox, evin içindən, ailə münasibətlərindən, köçkünlük illərindən, itirilən lentlərdən, qorunan əşyalardan və heç vaxt unudulmayan Ağdamdan tanıyacaq. Fatma Rüstəmovanın danışdıqları təkcə bir sənətkarın bioqrafiyası deyil, eyni zamanda Qarabağ müharibəsinin, mədəniyyət mühitinin və sədaqətlə qorunan xatirələrin hekayəsidir.

– Fatma xanım, Qədir müəllimlə birlikdə olan şəkillərinizə baxdım, demək olar ki, heç dəyişməmisiniz.

– Yox, nə danışırsan, çox dəyişmişəm. Qədir olanda hər şey çox yaxşı idi. Bəzən deyirəm, kaş o sağ olardı, şikəst olsaydı da evin bir tərəfində oturardı, mən ona baxardım. Ondan sonra mənim üçün çətin oldu. Kənardan baxanda çox fərqli görünürdü, amma bizə qarşı tamam fərqli idi.

– Bəs ailədə necə idi?

– Evdə, ailədə çox sakit, qayğıkeş ata idi. Göründüyü kimi deyildi. Ailəsinə qarşı çox-çox qayğıkeş olub. Bir gecənin içində taleyimiz dəyişdi. Ağdam işğal olunanda hara gedəcəyimizi bilmədik, Qədir müəllim üçün də çətin oldu. Bir o yaxşı oldu ki, mən Qədir müəllimin yanında oldum.

– Yola getmək çətin idi?

– Qədir müəllim kimi insanla yola getmək… bilmirəm necə izah edim. Hövsələsiz adam idi. Ağdam işğal olunandan sonra Qədir müəllim toylara çox da getmədi. Şəraitimiz pis idi. Amma mən ondan heç vaxt nəsə tələb etmədim. Görürdüm ki, sıxılır, üzü tutulur, günlərlə yemək yemir, ancaq çay içir, qəlyan çəkir. Mən onu yola gətirirdim. Deyirdim: “Qədir, belə olmaz, yaxşı olacaq. Bu gün-sabah yenə rayona qayıdacağıq”. Uşaq kimi ona çay da, yemək də yedizdirirdim. Qədir ölənə qədər Ağdamdakı hərbi hissəyə gedirdi. Ona silah da, hərbi forma da vermişdilər. Gedib gününü orada keçirirdi. Arada öz-özümə fikirləşirəm ki, o, Milli Qəhrəman adına layiq idi. Mən onun qədər vətənini sevən adam görməmişəm.

– Siz deyib-gülən, Qədir müəllim isə sərt insan olub…

– Qədir müəllimin vaxtında çox deyib-gülmürdüm. Güləndə deyirdi ki, çox gülmə. Siz inanırsınız, Qədir müəllimin səsləndirdiyi qəzəllərin hamısını mən ona kitabdan oxuyurdum, o da əzbərləyirdi. Həddindən artıq qısqanc olub. Heç vaxt qonşuya keçməmişəm. Hamı mənə deyirdi ki, sən Qədirə necə dözmüsən… Arada ondan küsürdüm də, amma mən onun həmişə yanında olmuşam. O, mənsiz bir saniyə də qala bilmirdi. Mən indiyədək onunla yaşamışam, rəhmətə gedəndən sonra da yalnız onun xatirəsini yaşadıram. Nə vaxt mən ölsəm, bilin ki, Qədir müəllim də onda ölüb.

– Sonra Bakıya gəlməyiniz necə oldu? Deyilənə görə, ona Bakıda ev versələr də, razı olmayıb.

– Qızımız Bakıda universitetə qəbul olundu. Qədir müəllimin ciddi xarakteri var idi. Razı deyildi ki, qızı gedib Bakıda kirayədə qalsın. Belə çıxılmaz vəziyyətdə qalmışdıq. Amma Allah Qədir Rüstəmova həmişə yol açıb. Eldar Həsənov qızına toy etdi, Qədir müəllimi də çağırdı. Qədir müəllimdən soruşdu ki, nə istəyirsən? O da dedi ki, Bakıda heç olmasa birotaqlı ev olsaydı, qızım universiteti bitirənə qədər orada qalardı. Həmin vaxt bizə ev verdi. Qədir hər həftənin əvvəlində Ağdama gedir, həftənin sonunda Bakıdakı evə qayıdırdı.

– Mədəniyyət nazirləri ilə Qədir müəllimin münasibətləri necə idi?

– Polad Bülbüloğlu ilə Qədir müəllim “Xarıbülbül” musiqi festivalında bir yerdə olublar. Amma Polad Bülbüloğlu Qədirə nə pis, nə də yaxşı heç nə etmədi. Heç ad verilməsinə də təşəbbüs göstərmədi. Qədir müəllim rəhmətə gedəndən sonra isə Əbülfəs Qarayevin qəbuluna getdim. Onun ifaları haqqında bütün yazıları kitab halına salmaq istəyirdim. Həmin vaxt Əbülfəs Qarayev kitabın çapı üçün 12 min manat ayırdı.

– Qədir müəllim sərt insan olub, mədəniyyət xadimləri ilə yola getmədiyini görmüşük. Bəs rəsmi şəxslərlə necə idi?

– Qədir müəllim sözünü deyən, inadkar insan idi. Nəsə onun xoşuna gəlmirdisə, öldürsən də istəmədiyi şeyi etməzdi. Vəzifəsindən asılı olmayaraq ona kim əmr edirdisə, həmin şəxsin dediyini etmirdi. Ağdam işğal olunandan sonra bəzi hallarda məcburi köçkünlərin toylarında oxuyurdu. Elə adam idi. Fərqli idi. 60 yaşı olanda Prezident Aparatının şöbə müdiri Fatma Abdullazadə zəng vurub görüş təyin etdi. Qədir müəllim onda Heydər Əliyevə görə oxudu. Heydər Əliyev ona deyib ki, sən danışmağı sevmirsən, heç olmasa bir az oxu. Oxudu. Elə həmin görüşdən sonra səsini yazdırdı.

– Nazirlərdən yaxın dostları kim olub?

– Kəmaləddin Heydərovla Ramil Usubov. Xüsusilə Kəmaləddin müəllim Qədiri çox sevirdi. Ölənə qədər ona kömək etdi, yanında oldu, hörmət göstərdi.

– Qədir müəllim əslən şuşalıdır. Heç Ağdamda yaşadığı dövrdə yenidən Şuşaya köçmək barədə fikirləşmişdimi?

– Əsilləri, kökləri Şuşadandır. Anası Urmiyalı, atası Şuşanın Zarıslı kəndindən olub. Ermənilərlə ilk söz-söhbət yarananda Ağdama gəliblər. Birinci Qarabağ müharibəsi vaxtı Qədir müəllim zarafatla deyirdi ki, erməninin sağ qulağının dibindən köçüb sol qulağına gəlmişik. Özü Ağdamın mərkəzində doğulmuşdu, ora bağlı idi. Biz Ağdamdan çıxanda evin bütün qapılarını bağlayıb açarları özümüzlə götürdük. Amma Şuşanı da sevirdi.

– Deyilənə görə, ilk qadın bəstəkarlarımızdan Ağabacı Rzayeva onun “Sona bülbüllər” ifasını eşidəndə ürəkdən ağlayıb və huşunu itirib.

– Bunu Qədir müəllim özü mənə danışıb. “Sona bülbüllər” mahnısını o, ilk dəfə Ağdamda, “Şur” ansamblında oxumağa başlayıb. Onda 13–14 yaşı var imiş. Ağdamın Seyidli kəndində toy olanda Xan Şuşinski, Seyid Şuşinski də orada olur. Onun ifasını eşidib çox bəyənirlər. Seyid Şuşinski Qədirə deyir ki, gəl Asəf Zeynallı adına musiqi kollecində oxu. Orada onu razı salırlar. Ağdamda Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbi var idi. İlk dəfə səsini orada yazdırırlar, sonra “Şur” ansamblı ilə birlikdə Bakıya gəlir. Oradan Əhsən Dadaşovun yanına göndərirlər. Qədir Hacıbaba Hüseynovun sinfində oxuyur. Hacıbaba Hüseynov özü deyirmiş ki, sən oxu, bu sinifdəki uşaqlar səndən öyrənsin. Sonra Əhsən Dadaşov onu yanına çağırır, qulaq asır və deyir ki, səsin çox gözəldir, gəl bir neçə mahnı yazdıraq. “Sona bülbüllər” Lənkəran tərəflərində Haşım kişinin oxuduğu xalq mahnısı olub. Qədir də onu öz ruhuna uyğun oxuyub. Mahnını 15 saat məşq ediblər, sonra səsini yazıblar. Həmin vaxt Ağabacı Rzayeva piano çalırmış. Dinlədikcə qəhərlənib halı pisləşib, su gətiriblər. Hönkürtü ilə ağlayıb.

– Qədir müəllimin kiməsə həsr etdiyi musiqilər olub?

– Qədir müəllim bəzən şeir yazırdı. Bir də tütəyi var idi. Şeirlərini də, tütək ifalarını da 25 yaşında vəfat edən qardaşına həsr edirdi. “Sona bülbüllər”i yanıqlı oxumasının səbəbi də məhz qardaşı ilə bağlı idi. Amma heç vaxt qadına görə səsi yanıqlı olmayıb.

– Toylarda kimləsə mübahisəsi düşürdümü?

– Yox. Qədir evinə çox bağlı idi. Heç vaxt restoran-kafedə yemək yeməzdi. Mən onu tanıyandan görmədim ki, içki içsin. Başqa sənət dostları toylarda içib-çəkirdilər, amma Qədir həmişə onlardan uzaq dururdu. Bəzən buna görə əsəbiləşirdi. Rəmişlə də bir neçə dəfə mübahisələri olmuşdu.

– Rəmiş deyirdi ki, Qədir Rüstəmovun yaşadığı küçədə qadınlar corabsız gəzməzmiş.

– Düz deyirdi. Ağdamın qədim ənənələri var idi. Qədir də gənc olmasına baxmayaraq, bu ənənələrin davamçısı idi. Əvvəl ailədə, sonra məhəllədə hamı ona qulaq asırdı. Ailədə bacılarının hamısı başını örtürdü.

– Qədir müəllim dindar idi?

– Allaha inanırdı. Bukinist idi, çox kitab oxuyurdu. Ömrünün sonuna qədər dörd dini kitabı oxumuşdu. Amma dindar deyildi. Hətta mən namaz qılanda əvvəl qəribə qarşılayırdı, sonra öyrəşdi. Heç vaxt içki içməyib, toylarda verilən içki hədiyyələrini başqalarına verirdi.

– Onu təqlid etmək çətindir, amma etmək istəyənlər çoxdur. Buna münasibətiniz necədir?

– Çox yaxşı. Mustafa Mustafayevə Qədir müəllim özü qaval hədiyyə etmişdi. Muğam Televiziya Müsabiqəsin.də gedib ona qulaq asırdı. Övladlarımız da onu çox sevir.

– Özü tələbə yetişdirməmişdi?

– Ağdamda var idi. Amma işğaldan sonra Qədir müəllimi ruhlandıran bir səbəb lazım idi ki, bu işin dalınca getsin.

– Ağdamın azad olunacağına inanırdı?

– Çox inanırdı. Son dəfə müalicə üçün Türkiyədı olanda Aqil Abbas gəlmişdi yanına. Həkim dedi ki, komadadır. Aqil müəllim əyilib Qədirin qulağına dedi: “Ayə oyan, Ağdam alınıb”. Onda əlləri necə titrədisə… Hələ də yadıma düşəndə pis oluram. O sözü eşidəndən cəmi üç gün sonra vəfat etdi.

– Qədir müəllim evdə muğam oxuyardımı?

– Yox. Oğuzda qalanda meşəyə gedirdi, orada özü üçün oxuyurdu. Elə fit çalırdı ki, elə bilirdin tar, kaman çalır.

– Əşyalarının çoxunu muzeyə bağışlamısınız…

– Əşyalarının əksəriyyətini Milli Azərbaycan Tarix Muzeyinə verdim. Qızıl əşyaları, saatı, üzüyü, “Şöhrət” ordenini. 1960-cı ildə ona Xan Şuşinski bir qaval bağışlamışdı, onu da verdim. Evdə saxladıqlarım da var. Ağdam qeydiyyatındayam, köçmək üçün növbəyə yazılmışam. Gedən kimi orada Qədir müəllimin muzeyini yaradacağam. Ağdamda Qədir müəllimin öz əli ilə əkdiyi tut ağacı var idi. Müharibə ərəfəsində ağac iki yerə bölünmüşdü. Qonşu uşaqları çağırıb ağacdan dairəvi iki parça kəsdirdim. İşğaldan sonra əlini həmin ağaclara sürtürdü, bu sanki ürəyini də toxunurdu. Mən istəmirəm ki, o əşyalar zamanla əldən-ələ keçsin, yox olsun. İstəyirəm ömürlük yaşasın. Ona görə muzeyə apardım. Amma müqavilə ilə vermişdim ki, Ağdam azad olunanda gəlib əşyaları aparacağam. Özüm də Qədir müəllimin əşyalarını gözüm kimi qorumuşam. Sağlığında arxivini toplamışam: qəzet parçaları, şeirlər. Təkcə “Sona bülbüllər”ə üç yüz şeir yazılıb, onların hamısını yığmışam.

– Qədir müəllim tez küsən olub. Bəs son ana qədər bağışlamadığı adamlar varmı?

– Çox olub… Bir şeyi deyim sizə: Qədir müəllimi çağırırdılar, AzTV-də səs yazdırmaq üçün bir ay əvvəldən növbəyə dururdu. Deyirdilər, bir aydan sonra gəl. Deyilən vaxt gedirdi. Hər dəfə beş mahnı yazdırırdı, onların içində muğam da oxuyurdu. Evə qayıdırdıq, gözləyirdik filan vaxtda efirə verilsin. Vermirdilər. Senzurada kim otururdu? Əlibaba Məmmədov. O, Qədir Rüstəmovun 17 mahnısını sildirib. Axı bu adam nə qədər oxuyacaqdı? Ömür boyu oxumaq olar? Səsinin ən gözəl vaxtında oxuduğu mahnıları sildilər. Müxalif təsnifi, “Axşam oldu, neyləyim”, “Gərək Günəş dağları aşıb sönməyəydi”, “Sən getdin” – hanı bunlar? Niyə sildirdi? Çünki paxıllıq edirdi. Habil Əliyev də həmçinin.
Qədir Rüstəmov vəfat edəndə hamı orada idi, bir Əlibaba müəllim, bir də Habil müəllim yox idi. Habil Əliyevlə münasibətin pozulması Bakı toylarında olub. Bakılılar meyxananı sevir. Toyun sonunda həmişə meyxana deyilirdi. Qədirdən xahiş ediblər ki, bir az vaxt versin, meyxanaya qulaq assınlar. Qədir razılaşıb, Habil isə əsəbiləşib ki, sən niyə razılaşırsan, səhərə qədər burada oturmalıyıq? Sonra müsahibələrində də Qədirə söz atdı. Əlibaba isə ümumiyyətlə qarabağlıları sevmirdi. Qədiri təqlid edən uşaqların da yolunu həmişə kəsirdi, Qədir də bunu görürdü. Əlibaba Məmmədov özü nağaraçalan olub, Qədirin sənətinə necə dəyər verə bilərdi?

– Qədir müəllim münasibətlərin pisləşməsinə görə narahat olurdu?

– Heç vaxt. Adlarını da çəkmirdi, yadına da salmırdı. Amma mən unutmuram ki, Qədir müəllimin oxuduğu o qədər gözəl mahnıların yoxa çıxmasının səbəbi Əlibaba müəllim oldu.

– Bəs onun ən sarsıldığı hadisə nə olub?

– Ağdamın işğal olunmağı… Qədir qarabağlıların toyunda o işğal günlərini xatırlayırdı. Aylarla özünə gələ bilmədi. Bizim üçün bir dərd idisə, Qədir müəllim üçün Ağdamın işğalı onqat ağır idi. Onun özünə gəlməsinin səbəbi Prezidentlə görüş oldu. Sonra “Şöhrət” ordeni, Prezident təqaüdü verildi. Heydər Əliyev Fondu yaranandan sonra da Qədiri diqqətdə saxladılar. Son ana, müalicə olunana qədər ona arxa-dayaq oldular.

– Qədir Rüstəmov vəfat edəndən sonra sənət dostlarından kimlər sizi axtardı?

– Heç biri. Bir Qəndab Quliyeva vardı, o da rəhmətə getdi. Bir neçə dəfə xatirə gecəsi də təşkil etdim. Zəng etdim, çağırdım, amma bəhanə etdilər. Bu yaxınlarda Qədir müəllimin 90 illik yubileyini qeyd edəndə oğlum Mehdi Xalq artisti, muğam ustasına zəng etdi, dedi gələcəyəm. Amma gəlmədi. Həmin gün o adam Şəbnəm Tovuzlunun ad gününə getmişdi. Halbuki övladlarımızın toyunda oxumuşdu, Qədirlə yaxın dost idilər.

– Sənətlə bağlı hansı arzusu yarımçıq qaldı?

– Heç biri. Qədir özü-özünə fikirləşirdi, oxuyurdu, səs yazısına gedirdi. Heç vaxt konsert vermək haqqında düşünməyib.

– Yarımçıq qalan işi olmayıb?

– Heydər Əliyev maşın hədiyyə etmişdi, İlham Əliyev də həm ev, həm də maşın bağışladı. Torpaq sahəsi də verənlər var idi. Onların heç birini başa gətirə bilmədi. Səkkiz nəvəmiz var, onlardan yalnız birini – Ülkəri gördü. Ülkər də onu çox sevirdi.

– Qədir müəllim Oğuza, Qəbələyə, Bakıya köçəndən sonra da ağdamlılarla əlaqəni saxlayırdı?

– Hamısının toyunda oxuyurdu. Qədir müəllim həm Prezident təqaüdü, həm də Heydər Əliyev Fondundan təqaüd alırdı. Sağlığında ayda ümumilikdə 5 min manat gəliri var idi. Heç vaxt pula ehtiyacı olmadı. Amma vəzifəlilərin toyunda oxumurdu, Bakıdan Bərdəyə məcburi köçkünlərin toyuna gedirdi. Deyirdi ki, onlara söz vermişəm. Ağdamlıları çox sevirdi. Ağdamda öz ansamblı var idi. Toyda verilən pulu hamı ilə bərabər bölürdü.

– Siz Ağdama köçəcəksiniz?

– Əlbəttə. Növbəyə yazılmışıq. Mən də, böyük oğlum Rüstəm də Ağdam qeydiyyatındayıq. Mən köçəndə balaca oğlum Mehdi ilə qalacağam, Rüstəm isə ailəsi ilə.

– Qədir müəllimin xatirəsini yaşatmaq üçün başqa planlarınız varmı?

– Qədir müəllimin arxivindən ibarət bir kitab çıxarmışam. İndi fikrim var ki, qalan materialları da toplayıb ikinci kitabı çap etdirim. Hər gün onun haqqında yazılanları oxuyuram. Süleyman Rüstəmdən tutmuş Bəxtiyar Vahabzadəyə, Aqil Abbasdan Seyran Səxavətə qədər çoxlu yazıçı və şairlər Qədir müəllimə şeirlər, yazılar yazıblar. Elə gün yoxdur ki, Qədir müəllimin mahnısına qulaq asmayım. Çalışıram ki, onun xatirəsini daim yaşadım.

– Yazıçı Anarla da Qədir Rüstəmov arasında mübahisə olmuşdu, sonra barışmışdılar deyəsən.

– Anar Qədir müəllimi “Üzeyir ömrü” filmində Cabbar Qaryağdıoğlu obrazına çəkmək istəyirdi. Qədir razı deyildi, amma məcburi razı salmışdılar. Səs və görünüş baxımından ona oxşayırdı. Hər ikisi şuşalı idi. Qədir müəllim Şuşa xanəndəlik məktəbinin sonuncu nümayəndəsidir. O vaxt söhbət düşmüşdü ki, niyə Arif Babayevi, Sabir Mirzəyevi çəkməyiblər, Qədiri çəkiblər… Müxbir soruşanda ki, onu necə razı saldınız, Anar deyib ki, baxır ovçusuna. Qədir də əsəbiləşmişdi ki, mən ovam məgər? Amma sonra barışdılar. Qədir Anar müəllimə qəlyan bağışlamışdı, ondan sonra Anar müəllim də qəlyan çəkməyə başladı.

– Ən çox sevdiyi musiqi hansı idi?

– “Olmaz-olmaz”.

– Bəs sizin?

– “Nə üçün gəlməz”. Hər səhər çay dəmləyəndə, hər axşam yatanda o mahnıya qulaq asıram.

– Qulaq asanda nə hiss edirsiniz?

– Kövrəlirəm. Bəzən toylarda oxuduğu kadrlara baxıram, xüsusi qəzəllərini dinləyirəm. Hələ də Qədirin yoxluğu mənə çox pis təsir edir.

– Qədir müəllimin sevdiyi yemək, rəng, geyim necə idi?

– Çox sadə insan idi. Yemək üstündə heç vaxt mübahisə etməzdi. Ən çox sevdiyi yemək dovğa idi. Qara və tünd göy rəngləri sevirdi. Həmişə kostyum geyinirdi. Paltar arxasınca qaçmazdı. Bütün paltarlarını, ayaqqabılarını mən almışam.

– Son günlərində sizə nə danışırdı?

– Uşaqlığından. Deyirdi ki, indiyə qədər xatırlamadığım şeylər indi yadıma düşür. Altı-yeddi yaşım gözümün qabağına gəlir, deyirdi. Ağappaq keçənin üstündə oturduğunu xatırlayırdı.

– Övladlarınızdan Qədir müəllimin yolunu davam etdirən varmı?

– İki oğlumuz, bir qızımız var. Üçü də ailə qurub. Oğullardan biri Fövqəladə Hallar Nazirliyində, biri özəl şirkətdə işləyir. Qızım Azərbaycan Dillər Universitetində müəllimdir. Səkkiz nəvəm var. Rüstəm bəzən oxuyur, amma Qədir kimi ola bilməz.

– Deyilənə görə, oğlunuz restoranlarda oxuduğu üçün Qədir müəllim ona icazə vermirmiş.

– Elə şey yoxdur. Oğlum heç vaxt restoranlarda oxumayıb. Qədir bilirdi ki, o mühit necədir. Oğlumun səsi yaxşı idi, amma Qədir həmişə övladlarının ali təhsilli olmasını istəyirdi.

1496238

1496229

1496230

1496220

1496222

1496227

1496221