
Bakı. Trend:
BMT-nin Yaxın Şərq sülh prosesi üzrə Xüsusi koordinatorunun
müavini Ramiz Ələkbərov çərşənbə günü videobağlantı vasitəsilə BMT
Təhlükəsizlik Şurasında çıxış edərək Qəzzadakı mövcud vəziyyəti
“Qəzza üçün potensial dönüş nöqtəsi” kimi xarakterizə edib.
Trend xəbər verir ki,
Ələkbərov Qəzzada münaqişəyə son qoyulması üzrə ABŞ Prezidenti
Donald Trampın 20 bənddən ibarət Kompleks Planının ikinci
mərhələsinin başlanmasını və Sülh Şurasının yardımçı
strukturlarının, o cümlədən Qəzzanın idarə olunması üzrə Milli
Komitənin və Qəzza üzrə Ali nümayəndənin ofisinin yaradılmasını
sektorda atəşkəs rejiminin möhkəmləndirilməsi üçün mühüm addım
adlandırıb.
“Qəzza üçün potensial dönüş nöqtəsi yaranıb, daha yaxşı gələcək
üçün real imkan mövcuddur. Lakin hələ də qeyri-müəyyənlik çoxdur”,
– deyə o bildirib.
Xüsusi koordinatorun müavini bildirib ki, bu yaxınlarda
Qahirədən qayıdıb və orada Qəzzanın idarə olunması üzrə Milli
Komitənin nümayəndələri ilə BMT-nin Təhlükəsizlik Şurasının 2803
saylı qətnaməsinə uyğun olaraq əsas xidmətlərin göstərilməsinə,
humanitar yardımın çatdırılmasına və bərpa işlərinə hazırlığa
BMT-nin necə dəstək göstərə biləcəyini müzakirə edib.
“Birləşmiş Millətlər Təşkilatı komitəni və Qəzzada bərpa üzrə
ağır işə başlayan fələstinliləri dəstəkləməyə hazırdır”, – deyə
Ələkbərov bildirib.
O, vurğulayıb ki, Qəzzanın demilitarizasiyası və etibarlı
təhlükəsizlik mexanizmləri Milli Komitənin fəaliyyəti üçün əsas
şərtlərdir.
Qəzzadakı humanitar vəziyyəti şərh edən BMT-nin yüksək vəzifəli
nümayəndəsi qeyd edib ki, əhalinin demək olar ki, hamısı hələ də
yardıma ehtiyac duyur, güclü yağışlar və soyuq hava isə adekvat
yaşayış yeri olmayan təxminən 1,5 milyon məcburi köçkünün
vəziyyətini daha da ağırlaşdırıb.
O, bildirib ki, təhlükəsizlik şəraitinin qeyri-sabitliyi,
yüklərin gətirilməsinə qoyulan məhdudiyyətlər, keçid məntəqələrində
gecikmələr və marşrutların məhdud sayı səbəbindən humanitar
təşkilatlar hələ də Qəzzada zəruri miqyasda fəaliyyət göstərə
bilmirlər.
Ələkbərov, həmçinin qeyd edib ki, qüvvədə olan atəşkəs rejiminə
baxmayaraq, Qəzzada hava zərbələri, atəşlər və silahlı toqquşmalar
davam edir. Sektorda mülki şəxslər həlak olur.
“Qəzzada atəşkəs planının ikinci mərhələsinin həyata keçirilməsi
həlledici əhəmiyyət daşıyır və güclü kollektiv öhdəlik tələb edir.
Bu, fələstinlilər və israillilər üçün daha sabit və təhlükəsiz
gələcəyin əsaslarını qoymaq üçün real imkandır”, – deyə xüsusi
koordinatorun müavini vurğulayıb.


