7 körpənin öldüyü yanğınla bağlı ittiham olunanlar məhkəməyə çıxarıldı

Baş səhifə

Bakı. Trend:

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla
bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə
məhkəmənin növbəti iclası keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət
verib.

Vəkil bildirib ki, iş üzrə məhkəmə tərkibi dəyişdiyi halda işə
yenidən başlamalıdır. Tərkib dəyişildiyi üçün zərərçəkmiş,
təqsirləndirilən şəxslər, şahidlər yenidən dindirilsin, işə yenidən
baxılsın.

Vəsatət təmin edilməyib.

Hakim bildirib ki, məhkəmə bu məsələyə münasibətini bildirib.
Məhkəmənin yeni tərkibi isə cinayət iş ilə tanışdır.

Daha sonra iş üzrə şahid Aqşin Səmədov ifadə verib.

Şahid qeyd edib ki, işçilərlə tədbirlər keçirilib. Yanğın
təhlükəsizliyi ilə bağlı gecə yoxlamaları aparılıb. Yoxlama zamanı
nöqsanlar aşkar edilib, protokol tərtib edilib, bəzən cərimə də
tətbiq edilib.

Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili
məhkəməyə vəsatət verib:

Vəkil örpələrin başqa xəstəxanalara hospitalzasiyasını həyata
keçirən tibb personalını məhkəməyə şahid qismində çağırılmasını
istəyib.




Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası 4 fevrala təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal
Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3
(yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq
iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət
işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun
İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya,
reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların
intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki
palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4
nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat
məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il
tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin
tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə
qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin
elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb
olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən
Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları,
xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya
qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması
və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə
bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və
intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək
Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan
qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva
Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi
qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə
səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində
işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin
225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika
Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam
Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova
zərərçəkmiş qismində tanınıb.