
Bakı. Trend:
Qlobal maliyyə bazarlarının son illərdə üzləşdiyi volatillik,
enerji qiymətlərində kəskin dalğalanmalar və artan geosiyasi
risklər fonunda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF /
SOFAZ) özünü dayanıqlı idarə olunan, risklərə davamlı və strateji
düşünən suveren sərvət fondu kimi möhkəmləndirib. Xüsusilə
2020–2025-ci illəri əhatə edən dövr Fondun inkişaf
trayektoriyasında keyfiyyətcə yeni mərhələ kimi qiymətləndirilə
bilər.
Bu dövr ərzində ARDNF aktivlərinin həcmini artırmaqla
kifayətlənməyib, eyni zamanda investisiya portfelinin strukturunu
dəyişərək onu daha balanslaşdırılmış, inflyasiyaya və qlobal
şoklara davamlı hala gətirib. Fondun fəaliyyəti həm yerli fiskal
dayanıqlıq, həm də beynəlxalq maliyyə institutları üçün etibarlı
bufer rolunu oynayıb. Rəqəmlər də bunu təsdiqləyir.
Belə ki, 2020-ci ildə ARDNF-in aktivləri 43,6 milyard ABŞ
dolları səviyyəsində olduğu halda, 2025-ci ilin sonuna bu göstərici
73,5 milyard ABŞ dollarına çatıb. Bu, cəmi beş il ərzində təxminən
30 milyard ABŞ dolları və ya 68,8% artım deməkdir ki, suveren
sərvət fondları üçün olduqca yüksək dinamika hesab olunur.
İl | ARDNF-nin aktivləri (milyon ABŞ dolları) |
2020 | 43 564,3 |
2021 | 45 025,1 |
2022 | 49 033,6 |
2023 | 56 069,7 |
2024 | 60 031,4 |
2025 | 73 541,5 |
Cədvəldən də göründüyü kimi, xüsusilə diqqətçəkən məqam odur ki,
təkcə 2025-ci il ərzində Fondun aktivləri 2024-cü ilə nisbətən
22,5% artıb. Bu göstərici qlobal miqyasda fəaliyyət göstərən bir
çox suveren fondların orta illik artım tempini əhəmiyyətli dərəcədə
üstələyir və ARDNF-in bazar şəraitinə çevik uyğunlaşma
qabiliyyətini nümayiş etdirir.
ARDNF 2025-ci ildə də dövlət maliyyəsinin əsas dayaqlarından
biri kimi çıxış edib. İl ərzində Fondun ümumi gəlirləri 37,6
milyard manat, büdcə xərcləri 14,6 milyard manat, dövlət büdcəsinə
transfertləri isə 14,48 milyard manat təşkil edib.
İl | ARDNF-nin büdcə gəlirləri (milyon manat) | ARDNF-nin büdcə xərcləri (milyon manat) | Dövlət büdcəsinə transfertləri (milyon manat) |
2020 | 9 360,8 | 12 425,3 | 12 200,0 |
2021 | 15 985,6 | 11 382,7 | 11 350,0 |
2022 | 9 586,0 | 4 699,0 | 7 923,0 |
2023 | 21 661,9 | 11 832,6 | 11 737,6 |
2024 | 18 039,0 | 12 896,4 | 12 781,0 |
2025 | 17 160,4 | 14 627,2 | 14 481,0 |
Bu göstəricilər Fondun büdcə qarşısında öhdəliklərini tam,
vaxtında və risk yaratmadan yerinə yetirdiyini göstərir. Son beş
ildə dövlət büdcəsinə edilən transfertlərin həcmi 18,7% artaraq
2025-ci ildə rekord səviyyəyə yüksəlib. Bu isə ARDNF-in təkcə
sərvət yığımı deyil, eyni zamanda makroiqtisadi sabitliyin
qorunması baxımından da strateji rol oynadığını təsdiqləyir.
Beşillik dövr üzrə ARDNF-nin 10,6 milyard ABŞ dolları həcmində
investisiya gəliri əldə etməsi və ya orta illik gəlirliliyin
təxminən 4% səviyyəsində formalaşması, Fondun qısamüddətli bazar
dalğalanmalarına deyil, uzunmüddətli və balanslaşdırılmış
strategiyaya əsaslandığını təsdiqləyir. Bu yanaşma həm mənfi bazar
illərini, həm də bazar bərpa mərhələlərini əhatə edərək, portfelin
davamlılığını qoruyub saxlamışdır.
2025-ci ildə ARDNF-in investisiya portfeli üzrə illik gəlirlilik
göstərici isə 6,2% təşkil edib. Bu gəlirlilik səviyyəsi nəticəsində
Fond 6,9 milyard manat, yəni təxminən 4 milyard ABŞ dolları
həcmində investisiya gəliri əldə edib. Daha önəmli məqam isə son
beş ildə investisiya portfelinin strukturunda baş verən
dəyişikliklərdir. Fond klassik konservativ yanaşmadan uzaqlaşaraq
daha balanslaşdırılmış modelə keçid edib. Fondun son 5 ilin
investisiya portfeli üzrə strukturuna nəzər salaq:
Aktiv növü | 2020 | 2025 |
İstiqrazlar və pul bazarı alətləri | 63,8% | 29,8% |
Səhmlər | 15,9% | 25,6% |
Daşınmaz əmlak və infrastruktur | 6,1% | 6,4% |
Qızıl | 14,2% | 38,2% |
Cədvəldən göründüyü kimi, ARDNF-in investisiya portfelinin
aktivlər üzrə bölgüsündə 2020-ci ildə istiqrazlar və pul bazarı
alətlərin payı 63,8%, səhmlər 15,9%, daşınmaz əmlak 6,1%, qızıl isə
14,2% paya malik idisə, 2025-ci ildə bu güstəricilər müvafiq olaraq
29,8%, 25,6%, 6,4% və 38,2% təşkil edib. Məlumata əsasən, son beş
ildə Fondun investisiya portfelinin aktivlər üzrə bölgüsündə qızıl
və daşınmaz əmlak üzrə yatırımlarda nəzərəçarpan artımlar baş
tutub.
Xüsusilə qeyd edək ki, Fondun daşınmaz əmlak investisiyaları 1
milyard ABŞ dollarından çox gəlir gətirib. Daşınmaz əmlak
investisiyaları Fond üçün həm stabil icarə gəlirləri, həm də
binaların dəyərinin artım mənbəyi olaraq ümumi portfeldə
diversifikasiya rolunu oynayan aktiv kimi çıxış edir. 3 milyard
dollar yatırım edilən bu aktiv növü üzrə təqribən 1 milyard ABŞ
dolları həcmində gəlir əldə edilib, ümumi gəlirlilik isə 80%
səviyyəsində olub. Sözügedən investisiyalar əsasən inkişaf etmiş
ölkələrdə yerləşən 1400-ə yaxın binadan ibarət ofis, ticarət,
yaşayış, sənaye və otel seqmentlərini əhatə edərək daşınmaz əmlak
portfelinin şaxələnmənin dərinləşməsinə xidmət edir.
Bundan əlavə, Fondun qızıla yatırımlarında nəzərəçarpan fərq
müşahidə olunur. Ümumilikdə, ARDNF-in son illərdə həyata keçirdiyi
ən diqqətçəkən addımlardan biri qızıl ehtiyatlarının
artırılmasıdır. 2025-ci ildə Fondun qızıl ehtiyatları 200 tona
çatdırılıb ki, bu da 2020-ci illə müqayisədə 96,5% artım deməkdir.
Qızılın portfeldə payının 38,2%-ə yüksəlməsi Fond üçün geosiyasi
risklərə qarşı qoruyucu mexanizm, inflyasiya təzyiqlərinin
neytrallaşdırılması, uzunmüddətli dəyər qorunması baxımından
strateji əhəmiyyət daşıyır. Qlobal mərkəzi bankların qızıl
alışlarını artırdığı və qiymətlərin tarixi maksimumlara
yaxınlaşdığı bir dövrdə bu strategiya ARDNF üçün əlavə dəyər
yaradıb.
İl | ARDNF-nin qızıla ehtiyatları (ton) |
2020 | 101,8 |
2021 | 101,8 |
2022 | 101,8 |
2023 | 101,8 |
2024 | 146,6 |
2025 | 200 |
Rəqəmlər də təsdiqləyir ki, bu struktur dəyişiklikləri ARDNF-in
inflyasiya risklərini azaldan, gəlirliliyi artıran və uzunmüddətli
sabitliyə yönəlmiş portfel strategiyasına keçdiyini aydın şəkildə
göstərir.
Son illər Fond dayanıqlı enerji və infrastruktur yatırımları
üzrə strateji tədbirlərini artırmaqdadır. Təkcə 2025-ci ildə olan
nailiyyətləri qeyd etməklə bu istiqamətə verilən önəmi göstərmək
olar. 2025-ci ildə ARDNF investisiya siyasətində dayanıqlı enerji
və strateji infrastruktur layihələrinə xüsusi üstünlük verib. İl
ərzində Fondun portfelinə daxil olan əsas layihələrdən
aşağıdakıları qeyd edə bilərik:
ADNOC Gas Pipeline Assets (BƏƏ) – 50 milyon ABŞ dolları;
Enfinity Global (İtaliya, 402 MVt günəş enerjisi) – 49% pay; Italo
(İtaliya, yüksək sürətli dəmir yolu) – infrastruktur yatırımı.
Bundan başqa, bu ilin yanvar ayında Azərbaycan Respublikası
Dövlət Neft Fondu (ARDNF) Davosda aktivlərin idarə edilməsi üzrə
dünyanın ən böyük şirkətlərindən olan “BlackRock” və onun törəmə
şirkəti “Global Infrastructure Partners” (GIP) ilə uzunmüddətli
strateji əməkdaşlıq niyyətini rəsmiləşdirdi. Əməkdaşlıq qlobal
infrastruktur fondlarına çıxışla yanaşı, Azərbaycanda və
Azərbaycanla əlaqəli infrastruktur layihələrinə investisiya
imkanlarını nəzərdə tutur.
Bütövlükdə, bu layihələr ARDNF üçün uzunmüddətli, sabit və
proqnozlaşdırılan gəlir axınları formalaşdırmaqla yanaşı, Fondun
enerji keçidi və yaşıl iqtisadiyyat gündəliyinə uyğun mövqeyini də
gücləndirir.
ARDNF-in maliyyə gücü və idarəetmə keyfiyyəti aparıcı beynəlxalq
reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir.
“Moody’s” Azərbaycanın “Baa3” suveren reytinqini böyük həcmdə
yığılmış ARDNF aktivləri ilə əsaslandırır. “S&P Global Ratings”
Fondu ölkənin fiskal və xarici buferlərinin əsas dayağı kimi təqdim
edir. “Fitch Ratings” isə ARDNF-in aktivlərinin 2025–2027-ci
illərdə də dayanıqlı artımını proqnozlaşdırır.
Bu qiymətləndirmələr Fondun təkcə maliyyə göstəricilərini deyil,
eyni zamanda institusional etibarlılığını və strateji idarəetmə
modelini təsdiqləyir.
Beləliklə, 2020–2025-ci illər Azərbaycan Respublikası Dövlət
Neft Fondu üçün strateji yetkinlik və transformasiya dövrü kimi
xarakterizə olunur. Bu müddət ərzində Fond aktivlərini rekord
səviyyəyə yüksəltdi, investisiya portfelini effektiv şəkildə
şaxələndirdi, dövlət büdcəsinin əsas dayaq sütunlarından biri
olaraq mövqeyini qorudu, eləcə də beynəlxalq maliyyə dairələrində
etimadı daha da gücləndirdi.
Bu gün ARDNF təkcə milli sərvət fondu deyil, eyni zamanda qlobal
miqyasda tanınan, müasir və dayanıqlı suveren investor kimi çıxış
edir və Azərbaycanın gələcək nəsilləri üçün uzunmüddətli iqtisadi
təhlükəsizlik təmin etməyə davam edir.


