Bakı. Trend:
2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə
keçirilmiş gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7 faiz
artaraq 4569,5 min olub.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Statistikaya görə, ötən il əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 11,3
faiz artaraq 2614,3 min olub ki, bu da ümumi gecələmələrin 57,2
faizini təşkil edir.
Gecələmələrin ümumi sayının 13,6 faizi Hindistan, 10,1 faizi
Rusiya Federasiyası, 9,3 faizi Türkiyə, 8,3 faizi Səudiyyə
Ərəbistanı, 5,6 faizi İsrail, 5,1 faizi Birləşmiş Ərəb Əmirlikləri,
3,9 faizi Pakistan, 3,4 faizi Çin, 3,3 faizi Özbəkistan, 3,2 faizi
ABŞ, 2,8 faizi Qazaxıstan, 2,4 faizi Küveyt, 2,2 faizi Böyük
Britaniya, 1,3 faizi Almaniya, 1,0 faizi İtaliya, 24,5 faizi isə
digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi
gecələmələrin 81,1 faizi Bakıda, 6,1 faizi Qusarda, 4,4 faizi
Naftalanda, 3,2 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,7 faizi
Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda
qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda
keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 1,1 faiz
artaraq 1955,2 min olub ki, bu da ümumi gecələmələrin 42,8 faizini
təşkil edir.

