Əlverişsiz havaya görə Bakı–Gəncə reysi ehtiyat hava limanına yönləndirildi

Baş səhifə

Bakı.Trend:

“UTair” aviaşirkətinə məxsus Bakı–Gəncə istiqamətində həyata
keçirilən UTA-743 saylı reys, təyinat məntəqəsində müşahidə olunan
əlverişsiz hava şəraiti – duman səbəbindən hava gəmisinin
kapitanının qərarı ilə ehtiyat hava limanı olaraq Heydər Əliyev
Beynəlxalq Aeroportuna yönləndirilib.

Trend xəbər
verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat
xidməti məlumat yayıb.

Bildirilir ki, Boeing 737 tipli hava gəmisi yerli vaxtla saat
11:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş
edib.




Sərnişinlərin və uçuşun təhlükəsizliyi prioritet olaraq təmin
olunub. Uçuşun davamı ilə bağlı qərar hava şəraitindən asılı olaraq
“UTair” aviaşirkəti tərəfindən veriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən bütün zəruri
əməliyyat prosedurları operativ şəkildə icra olunub.