
NATO-nun Norveç ərazisində keçirdiyi qış hərbi təlimləri zamanı gözlənilməz vəziyyət yaşanıb.
Modern.az-ın yaydığı məlumata əsasən, manevrlər çərçivəsində ehtiyatda olan Finlandiya hərbçiləri ilə qarşıdurmada ABŞ qoşunları geri addım atmaq məcburiyyətində qalıb.
“Birgə Vikinq” adlı təlim zamanı Finlandiya tərəfi hücum mövqeyində çıxış edib, Amerika hərbçiləri isə müdafiə xəttini qoruyub. Təlimin gedişində fin əsgərlərinin ABŞ qüvvələrinə qarşı aşkar üstünlük qazandığı bildirilib.
Nəşrə danışan hərbi mənbənin sözlərinə görə, finlandiyalı əsgərlərə hücumların intensivliyini azaltmaqla bağlı tövsiyə verilib. Səbəb isə ABŞ hərbçilərinin şərti itkilərinin həddindən artıq artması olub ki, bu da onların mənəvi durumuna mənfi təsir göstərib.
Mənbə qeyd edib ki, ABŞ ordusunun həm əməliyyat təcrübəsi, həm də Arktika iqlimində döyüş hazırlığı baxımından boşluqları üzə çıxıb. Avropadakı NATO üzvləri – xüsusilə Finlandiya, Norveç və Böyük Britaniya – sərt və soyuq şimal şəraitində fəaliyyətə daha yaxşı uyğunlaşıb.
Xatırladaq ki, Norveç Silahlı Qüvvələrinin rəhbərliyi altında keçirilən “Birgə Vikinq” təlimlərində ümumilikdə 10 minə yaxın hərbçi iştirak edib.


