Sahibkarların nəzərinə: Bu tarixədək yoxlama aparılmayacaq — YENİ QƏRAR

Baş səhifə

Bakı. Trend:

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının
müddəti uzadılacaq.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz
əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində
sahibkarlıq sahəsində aparılan yoxlamalar 2027-ci il
yanvarın 1-dək
dayandırılacaq.




Məlumat üçün bildirək ki, ölkədə sahibkarlığın inkişafının
stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın
1-dən
etibarən yoxlamalar dayandırılıb. Bu müddət
2026-cı il yanvarın 1-də başa çatıb.

Qeyd edək ki, mövcud qanuna görə, nəzərdə tutulmuş müddətdə
yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan
yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan
yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti,
təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem
məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə
bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti,
təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz
istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində
yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı
müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq
subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının
göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara
müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik
şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı
olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı
yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında”
Qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata
keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Qanunla müəyyən edilmiş nəzarət orqanları
tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və
sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına
mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin
yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.