Bakıda Brayl əlifbasında nəşr olunan 19 kitab təqdim olunub

Baş səhifə

Bu gün Bakıda Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayl əlifbasında nəşrlərinin təqdimatı keçirilib.

APA-Economics” xəbər verir ki, kitablar Azərbaycanda inklüziv cəmiyyətin təşviqi, inklüziv təhsilin inkişafı və görmə məhdudiyyətli şəxslərin sosial inteqrasiyasının gücləndirilməsinə yönəlmiş sosial təşəbbüs çərçivəsində nəşr edilib. BP bu gün qeyd olunan təşəbbüsün başa çatdığını elan edib.

Məlumata görə, layihədə əsas məqsəd ölkə üzrə 40000-dən çox görmə məhdudiyyətli insanın, o cümlədən təxminən 9000 uşağın mütaliə tələbatını qarşılamaq məqsədilə Brayl əlifbasında nəşr olunmuş Azərbaycan və xarici ədəbiyyat nümunələrindən ibarət müasir kitabxana yaratmaqdır.

Layihə Azərbaycan və dünya ədəbiyyatından 19 seçmə əsərin Brayl əlifbasında nəşrini əhatə edir. Hər bir kitab ölkə üzrə görmə məhdudiyyətli insanların mütaliə ilə bağlı maraq və ehtiyacları nəzərə alınmaqla diqqətlə seçilib. Seçilmiş əsərlərin müəllifləri sırasında İsa Muğanna, Anar, Elçin, Sabir Əhmədli, Mövlud Süleymanlı, Çingiz Hüseynov, Kobo Abe, Henrix Heyne, Oskar Uayld, Əli Kərim, Vaqif Səmədoğlu və bir çox digər görkəmli yazıçı və şairlərin adları var.

Layihə çərçivəsində, hər biri 100 nüsxə olmaqla, 19 adda ümumilikdə 1900 kitab nəşr olunub.Layihənin ümumi dəyəri 133000 manat (78235 ABŞ dolları) təşkil edib. Bu məbləğə əsərlərin Brayl əlifbasında yığılması, redaktə və korrektəsi, eləcə də kitabların dizayn və səhifələmə işləri, habelə 19 adda nəşrin xüsusi kağızda çapı və cildlənməsi xərcləri daxildir.