Ukrayna ilə bağlı danışıqlarda böyük irəliləyiş əldə olunub – Trampın xüsusi elçisi

Baş səhifə

Bakı. Trend:

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı aparılan
danışıqlarda böyük irəliləyiş əldə olunub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi
elçisi Stiv Uitkoff Rusiya səfəri ərəfəsində bildirib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar artıq yekun
mərhələdədir. Uitkoff Ukrayna münaqişəsinin nizamlanmasına
nikbinliklə baxdığını qeyd edib.




“Düşünürəm ki, biz ciddi irəliləyiş əldə etmişik. Hesab edirəm
ki, prosesin əvvəlində müəyyən qarışıqlıq var idi, mən kifayət
qədər tez-tez Moskvaya səfər edirdim, lakin düşünürəm ki, bu
səfərlər vacib idi, çünki hazırda biz yekun mərhələdəyik”, – deyə
o, Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində
jurnalistlərə bildirib.

Qeyd edək ki, bu gün Uitkoffun ABŞ liderinin kürəkəni Cared
Kuşnerlə birlikdə Rusiyaya səfər edəcəyi və Vladimir Putinlə
görüşəcəyi gözlənilir.

Stiv Uitkoff və Cared Kuşner son aylarda ABŞ administrasiyasının
Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla nizamlanması
istiqamətində apardığı təmaslarda fəal iştirak edirlər. Onlar
müxtəlif tərəflərlə danışıqlar üçün kanallarının açıq saxlanmasına
və mümkün kompromis variantlarının müzakirəsinə yönəlmiş
təşəbbüslərdə iştirak edirlər.