
44 günlük Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün qardaşı, hərbi qulluqçu kapitan Elnur Şükürlü qardaşının igidliyi ilə düşmən tapdağında olan postun azad edildiyini bildirib.
O bunu “Report”a açıqlamasında Hərbi Memorial Məzarlıqda Elvin Şükürlünün anım mərasimi zamanı deyib.
E.Şükürlü qeyd edib ki, qardaşı Kəlbəcər istiqamətində şəhid olub:
“Elvinlə bir yerdə böyümüşük, həmçinin Ali Hərbi Məktəbi də bir yerdə oxumuşuq. O, orta məktəbi bitirdikdən sonra hərbi liseyə, oradan da Ali Hərbi Məktəbə qəbul oldu. Sonra Daşkəsəndə bir yerdə hərbi xidmətdə olduq. Elvinin igidliyi, şücaəti ilə Murov istiqamətində bir postumuzu düşmən işğalından azad etdik. Postu işğaldan azad etdikdən sonra qardaşım həmin istiqamətdə şəhid oldu”.
Şəhid qardaşının sözlərinə görə, Elvin Şükürlü ilə hər zaman ön cəbhədə xidmət ediblər:
“Xidmət etdiyimiz dövrdə düşmənin təxribatları ilə üzləşmişik. Bu təxribatlara cavab verərkən bir-birimizlə əlaqə saxlayaraq halallaşıb, ata-anamızı bir-birimizə tapşırırdıq. Vətən müharibəsi başlayanda da bir-birimizlə telefon əlaqəsində olduq. Sonuncu danışığımız Vətən müharibəsindən bir gün əvvəl, yəni 2020-ci ilin 26 sentyabrında oldu.
44 günlük Vətən müharibəsi zəfərlə başa çatdı. Təəssüf ki, qardaşım və digər şəhidlərimiz bu zəfəri görə bilmədilər. Elvin yaşca məndən kiçik idi. Lakin o, mənə böyük qardaş, ata əvəzi kimi idi. Biz xidmətdə olan zaman bir-birimizə həm ata, həm də ana olmuşuq. Qardaşım 23 yaşında adını tarixə yazdı. Mən onunla fəxr edirəm”.
Qeyd edək ki, şəhid Elvin Şükürlü 14 iyun 1997-ci ildə Cəlilabad rayonunda hərbçi ailəsində anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Ali Hərbi Məktəbi bitirib, 2018-ci ildə leytenant rütbəsi alaraq xidmətə başlayıb. E.Şükürlü 44 günlük Vətən müharibəsində Daşkəsən-Kəlbəcər istiqamətində döyüşüb və 2020-ci il sentyabrın 28-də şəhid olub. Onun nəşi 2021-ci il yanvarın 22-də Bakıda Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.


