
Bakı. Trend:
Dövlət Sanitariya Orqanı tibb müəssisələrində tibbi
tullantıların toplanması, düzgün çeşidlənməsi,
zərərsizləşdirilməsi, qeydiyyatının aparılması, tibb müəssisəsi
daxilində müvəqqəti saxlanması və daşınması işinin təşkilinə
nəzarət edir.
Trend xəbər
verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”
efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya
Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova açıqlayıb.
Onun sözlərinə görə Səhiyyə Nazirliyi Respublika Gigiyena və
Epidemiologiya Mərkəzi tibb müəssisələrində tibbi tullantıların
idarə olunması işinin təşkilində cavabdehlik daşıyan şəxslərin
maarifləndirilməsi, onlara təlimlərin keçirilməsi, sertifikatlarla
təmin olunmasında iştirak edir:
“Müəssisə daxilində tibbi tullantıların idarə olunması işində
sanitariya-gigiyenik və əksepidemik rejimin gözlənilməsində
müəssisə rəhbərliyi məsuliyyət daşıyır və bu işə nəzarət də
gigiyena və epidemiologiya mərkəzləri tərəfindən həyata keçirilir.
Tibb müəssisələri onlarda əmələ gələn tibbi tullantıların illik
hesabatını hazırlayaraq Səhiyyə Nazirliyinə təqdim edir. Hesabatda
il ərzində əmələ gələn tibbi tullantıların aid olduqları siniflər,
siniflər üzrə kiloqramla miqdarı qeyd edilir. Mövcud məlumatlar
respublika üzrə elektron informasiya sisteminə daxil edilir”.
Həkim-gigiyenist qeyd edib ki, bununla yanaşı, maarifləndirici
çap materialları, buklet, flayerlər müəssisələrə paylanılır:
“Tibb müəssisələrində tibbi tullantıların idarə olunmasında
cavabdeh olan şəxslərlə daim əlaqə saxlanılır, onları maraqlandıran
suallar operativ olaraq cavablandırılır. Əmələ gələn tibbi
tullantıların Vahid Səhiyyə İnformasiya Sistemində Tibbi Tullantı
Modulunda aktiv qeydiyyatın aparılması və bu məlumatların Səhiyyə
Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən
təsdiqi işləri həyata keçirilir”.


