Bakı. Trend:
Xəstənin 103 xidmətinin əməkdaşları tərəfindən “endirilərək tərk
edilməsi” ilə bağlı səsləndirilən iddialar həqiqəti əks
etdirmir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalımaz Tibbi Yardım
Mərkəzinin məlumatına görə,18 yanvar 2026-cı il tarixində saat
20:50 radələrində Çobanzadə İnci Rəşad qızı Tovuz Rayon Mərkəzi
Xəstəxanasının infeksion şöbəsində stasionar müalicə aldığı halda,
xəstənin yaxınları tərəfindən özbaşına şəkildə Tovuz Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilərək
dispetçerə qarşı təzyiq göstərərək təxliyə tələbi irəli
sürülüb.
“Mövcud qaydalara əsasən, xəstənin təxliyəsi barədə qərar yalnız
həkimlərin konsiliumu və müvafiq mütəxəssislərin rəyindən sonra
qəbul edilir və qəbul edən xəstəxana ilə razılaşdırıldıqdan sonra
Regional Təcili Tibbi Yardım Mərkəzinin Mərkəzi Dispetçer Xidməti
vasitəsilə təşkil olunur. Lakin qeyd olunan halda mövcud protokol
pozulub, dispetçer tərəfindən mərkəzə məlumat verilmədən briqada
göndərilib. Bununla əlaqədar olaraq, məsul əməkdaş barəsində
inzibati tənbeh tədbiri görüləcəkdir.
Hadisə zamanı təcili tibbi yardım briqadasına xəstənin yenidən
xəstəxanaya qaytarılması, vəziyyətinin stabilləşdirilməsi və
təxliyənin mövcud qaydalara uyğun şəkildə təşkili barədə tapşırıq
verilib. Lakin xəstənin yaxınları geri qayıtmaqdan imtina etmiş,
xəbərdarlıqlara baxmayaraq ambulansı məcburi şəkildə saxlayaraq
xəstəni ambulasdan götürərək DYP patrul avtomobili ilə Gəncə
istiqamətində aparıblar.
Xəstənin 103 xidmətinin əməkdaşları tərəfindən “endirilərək tərk
edilməsi” ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir”,
məlumatda bildirilib.
Qeyd edək ki, mediada Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili
tibbi yardım briqadası ağır vəziyyətdə olan xəstə uşağı yolda
köməksiz vəziyyətdə qoyması ilə bağlı xəbərlər yayılıb.

