Cənubi Koreyanın sabiq baş naziri 23 il azadlıqdan məhrum edilib

Baş səhifə
Cənubi Koreyanın sabiq baş naziri 23 il azadlıqdan məhrum edilib

Cənubi Koreyanın sabiq baş naziri Han Dok Su eks-prezident Yun Sok Yol tərəfindən qısamüddətli hərbi vəziyyətin tətbiqinə yardım etməklə üsyanda aparıcı rol oynamaqda təqsirli bilinərək 23 il həbs cəzasına məhkum edilib.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyinin məlumatında deyilir.

Seul Mərkəzi Rayon Məhkəməsi 2024-cü il dekabrın 3-də hərbi vəziyyətin elan edilməsinin üsyan olduğunu təsdiqləyən hökm çıxarıb.

Han Dok Su mühüm tapşırıqları yerinə yetirən şəxs kimi qiyamda iştirak etməkdə ittiham olunur. İş materiallarına əsasən, hərbi vəziyyətin tətbiq edildiyi gün sabiq baş nazir keçmiş prezidentə Dövlət Şurasının iclasını çağırmağı təklif edib və kabinetin bəzi üzvlərinə zəng edərək “tez gəlmələrini” xahiş edib.

Xüsusi prokurorluq hesab edir ki, sabiq baş nazir öz hərəkətləri ilə hərbi vəziyyətin tətbiqi prosesini qanuniləşdirməyə çalışıb və onun üçün 15 il həbs cəzası tələb edib. Xüsusi prokurorun komandası məhkəmədən dövlətə və xalqa dəyən böyük ziyanı, eləcə də sabiq baş nazirin istintaqla əməkdaşlıqdan imtina etdiyini nəzərə almağı xahiş edib.