
Bakı. Trend:
Son dövrlər bəzi media platformalarında “bir nikah prinsipinin
Azərbaycan reallığına cavab verib-vermədiyi” mövzusunda aparılan
polemikalar ciddi narahatlıq doğurur. Bu cür yanaşmalar zahirən
ictimai müzakirə təsiri bağışlasa da, mahiyyət etibarilə Azərbaycan
Respublikasının ailə siyasətinin təməlini təşkil edən fundamental
hüquqi prinsiplərin sorğulanmasına və dolayısı ilə çoxnikahlılığın
normallaşdırılmasına yönəlmiş təhlükəli diskurs formalaşdırır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri
Taliyə İbrahimova məlumat verib.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qəti
şəkildə bildirir ki, “bir nikah prinsipi” Azərbaycan
Respublikasının ailə qanunvericiliyində təsbit edilmiş, dövlətin
ailə siyasətinin əsas sütunlarından biri olan hüquqi normadır. Bu
normanın “ictimai reallıq” adı ilə şübhə altına alınması hüquqi
dövlət anlayışı ilə ziddiyyət təşkil edir və ailə institutunun
mahiyyətinin deformasiyasına xidmət edir.
Media subyektləri nəzərə almalıdırlar ki, ailə institutu ictimai
sabitlik, sosial ədalət və insan hüquqlarının qorunması baxımından
strateji əhəmiyyət daşıyan dövlət siyasəti sahəsidir.
Yadda saxlamaq lazımdır ki, “bir nikah prinsipi”nin sorğulanması
qadın və uşaq hüquqlarının müdafiəsinə ciddi zərbə vurmaqla onların
ailə münasibətlərindəki qanuni təminatlarını risk altına alır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
çoxnikahlılığın dolayısı ilə məqbul düşüncə kimi təqdim olunmasına
şərait yaradan yanaşmaları yolverilməz hesab edir. Media
subyektləri və sosial media platformaları ailə siyasəti ilə bağlı
məsələlərdə daha məsuliyyətli mövqe tutmalı və cəmiyyət üçün
təhlükəli diskurslara meydan açan müzakirələrə yol
verməməlidirlər.
Dövlət Komitəsi bir daha bəyan edir ki, qadın və kişilərin hüquq
bərabərliyi, uşaq mənafeyinin üstünlüyü və nikahın könüllülüyü kimi
ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan Ailəsinin təməl
prinsiplərinin hər hansı formada sorğulanması qəbuledilməzdir və
dövlətin ailə siyasətinə ziddir”.


