Starmer Trampın Sülh Şurası təşəbbüsünə qoşulmağı planlaşdırmır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald
Tramp tərəfindən irəli sürülən Qəzza üçün Sülh Şurası təşəbbüsünə
qoşulmaq niyyətində deyil.

Trend “The
Financial Times”a istinadla xəbər verir ki, Britaniya rəsmiləri
hökumətin üzvlüyü üçün bir milyard dollar tələb edən və tərkibinə
Rusiya Prezidenti Vladimir Putinin daxil olduğu bu quruma qatılmağı
məqsədəuyğun hesab etmir.




Məlumata görə, ABŞ-Böyük Britaniya münasibətləri onsuz da gərgin
olan bir dönəmdə Trampın Britaniyanın Mavrikiyə Çaqos adaları
üzərində suverenliyini geri qaytaracağını “tam zəiflik” kimi
dəyərləndirməsi Londonda narazılıq doğurub. Çaqos adalarında ABŞ və
Britaniya birgə hərbi hava bazasına malikdir.

Starmer bu həftə Sülh Şurasının şərtləri barədə müttəfiqlərlə
məsləhətləşdiyini bildirsə da, hökumətə yaxın mənbələr onun belə
bir quruma qoşulmasının real olmadığını vurğulayır. Rəsmilərdən
biri deyib: “Vergiödəyicilərinin bir milyard dollarını Putinin də
yer aldığı bir şurada oturmaq üçün xərcləmək qəbuledilən
deyil”.