
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan “Tramp marşrutu” – TRIPP (Zəngəzur dəhlizi) ilə bağlı yeni açqıqlamalar verib.
Modern.az xəbər verir ki, Rubinyan bu layihədə səhmlərin 26%-nə sahib olan Ermənistanın 74%-ə sahib olan Amerika tərəfini necə idarə edə biləcəyi ilə bağlı sualı cavablandırıb.
Jurnalistlərə açıqlamasında o deyib:
“Əgər bu, Ermənistanda yerləşən və sənədlərə uyğun olaraq qeydiyyatdan keçmiş bir şirkətdirsə, deməli, vergi ödəyir və Ermənistan qanunlarına uyğun fəaliyyət göstərir. Ermənistanda dövlətin payı olmayan minlərlə şirkət var, lakin təbii ki, dövlət öz tənzimləyici rolunu oynayır.
Bundan əlavə, biz biznesin idarə edilməsindən danışırıq və Ermənistan hökuməti səhmlərin 26%-nə sahib olacağından, biznesin necə idarə olunacağına dair söz sahibidir. Müəyyən edilib ki, məsələn, Ermənistan Respublikasının suveren maraqları ilə əlaqəli ola biləcək xüsusilə vacib məsələlərdə səhmlərin 26%-nə sahib olan səhmdarın, yəni veto hüququna malik Ermənistanın razılığı olmadan heç nə etmək olmaz”, – deyə Rubinyan bildirib.


