SOCAR Kulevi terminalında 2026-cı ildə görüləcək işləri açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Kulevi terminalı vasitəsilə ümumilikdə 2,2 milyon
ton xam neft, neft, neft-qaz və neft-kimya məhsulları ötürülüb.

Bunu Trend-in
sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR)
bildiriblər.

“Hesabat dövründə terminalda xam neftlə yanaşı, paraxylene və
propilen kimi neft-kimya məhsulları, eləcə də benzin, dizel, LPG,
JET A-1 aviasiya yanacağı, kerosin, metanol, nafta və digər
neft-qaz məhsullarının ötürülməsi həyata keçirilib”, – deyə
şirkətdən bildirilib.




Bundan əlavə, SOCAR-ın verdiyi məlumata görə, 2025-ci il ərzində
terminalın infrastrukturunun inkişafı istiqamətində mühüm işlər
görülüb:

“Belə ki, yeni 7 nömrəli çənlər parkında hər biri 20 000 m³
həcmində olan 4 çənin tikintisi üzrə Yekun İnvestisiya Qərarı
alınıb, layihənin FEED mərhələsi tamamlanıb və tikinti üzrə tender
prosesi həyata keçirilib. Bununla yanaşı, yeni dəmiryolu
estakadasının və dalğaqıranın tikintisi üzrə ilkin texniki və
əməliyyat təhlilləri aparılmışdır.”

Bu il görüləcək işlərə gəldikdə isə, şirkətdən bildirilib ki,
2026-cı ildə yeni çənlər parkının tikintisinə başlanılması və
layihənin 2027-ci ilin ortalarında tamamlanması planlaşdırılır:
“Eyni zamanda, yeni dəmiryolu estakadası və dalğaqıran üzrə konsept
seçimi mərhələsinin yekunlaşdırılması, həmçinin 3-cü gəmiyanalma
körpüsünün tikintisi üzrə ilkin texniki-iqtisadi təhlillərin
aparılması nəzərdə tutulur.”