
Bakı. Trend:
Amerikalı milyarder İlon Mask “OpenAI”nin təsisçisi Sem Altmana,
eləcə də “OpenAI” və “Microsoft”a qarşı təzminat tələbi ilə məhkəmə
iddiası qaldırıb.
Trend xəbər verir
ki, bu barədə “DW” məlumat yayıb.
İddia 16 yanvar cümə günü Kaliforniyanın Şimal Dairəsi üzrə ABŞ
Rayon Məhkəməsində təqdim edilib. İş materiallarına əsasən, Maskın “OpenAI” və “Microsoft”a qarşı ümumi maliyyə iddiaları 134 milyard
dollar təşkil edir.
İddiada qeyd olunur ki, “OpenAI” 2015-ci ildə Sem Altman və İlon
Mask tərəfindən qeyri-kommersiya süni intellekt tədqiqat startapı
kimi yaradılıb. Mask iddia edir ki, layihəyə 38 milyon dollar
sərmayə qoyub ki, bu da şirkətin ilkin kapitalının təxminən 60%-ni
təşkil edib.
Milyarder həmçinin komandanın formalaşdırılmasında,
münasibətlərin qurulmasında və startapın erkən mərhələdə nüfuzunun
artırılmasında iştirak etdiyini bildirir.
2018-ci ildə Mask digər layihələrinə diqqət yetirmək üçün “OpenAI”nin direktorlar şurasından ayrılıb. Hazırda həmin
layihələrdən biri X sosial şəbəkəsində fəaliyyət göstərən və “ChatGPT” ilə rəqabət aparan “Grok” süni intellekt çatbotudur.
Məhkəmə prosesi aprel ayında başlayacaq və iş münsiflər heyəti
tərəfindən araşdırılacaq.


