Ermənistan məhkəmələri Paşinyanın tam nəzarətindədir

Baş səhifə

Ermənistanın məhkəmə sistemi baş nazir Nikol Paşinyanın təsiri altındadır.

Modern.az xəbər verir ki, bu barədə ABŞ mediasında yayılan məqalədə bildirilib.

Qeyd olunur ki, aparılan genişmiqyaslı jurnalist araşdırmasına əsasən, hazırda Ermənistanın Ali Məhkəmə Şurasının on üzvündən azı səkkizi Paşinyanla, onun ailə üzvləri və ya yaxın ətrafı ilə birbaşa və ya dolayı şəxsi, peşəkar və maliyyə əlaqələrinə malikdir.

Bu şəbəkə faktiki olaraq hakimlərin təyinatına, intizam icraatlarına və siyasi əhəmiyyət daşıyan məhkəmə proseslərinin nəticələrinə tam nəzarət edir. Araşdırmada qeyd olunur ki, bir vaxtlar özünü demokratiya tərəfdarı kimi təqdim edən Paşinyan son səkkiz ildə məhkəmə sistemini şəxsi siyasi maraqlarına xidmət edən alətə çevirib.

“Vtforeignpolicy” nəşri yazır ki, buna misal olaraq 2024-cü ilin dekabrında Ali Məhkəmə Şurasının sədri seçilən Artur Atabekyan göstərilir. Onun əvvəlki sədr Karen Andreasyanın istefaya məcbur edilməsindən dərhal sonra bu vəzifəyə gətirildiyi vurğulanır. Nəşrin iddiasına əsasən, Atabekyan 2018-ci ildən sonra sürətlə karyera yüksəlişi yaşayaraq hakimiyyətə sədaqətini nümayiş etdirib, o cümlədən müxalifət nümayəndələri ilə bağlı işlərdə sərt mövqeyi ilə seçilib.

Məqalədə qeyd edilir ki, müstəqil mövqedə olan hakimlərə qarşı hədə-qorxu, şantaj və uydurma intizam icraatları tətbiq olunur, antikorrupsiya qurumları isə siyasi rəqiblərə qarşı təzyiq mexanizminə çevrilib. Hazırda bir sıra keçmiş siyasi müttəfiqlərin, müxalifət liderlərinin və yüksək rütbəli şəxslərin həbsdə olduğu bildirilir.

Araşdırma müəllifləri iddia edirlər ki, 2026-cı il iyunun 7-nə planlaşdırılan parlament seçkiləri ərəfəsində Paşinyanın potensial rəqiblərinə qarşı yeni cinayət işləri hazırlanır və bununla da müxalifətin neytrallaşdırılması məqsədi güdülür.