
Bakı. Trend:
Fransanın Tuluz şəhərində fəaliyyət göstərən Azərbaycan Evində
soydaşlarımızla görüş keçirilib. Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşının qatıldığı
görüşdə Tuluz Azərbaycan Evinin rəhbəri Məhəmməd Eyvazov, icma
üzvləri, eləcə də həftəsonu məktəbinin ana dili müəllimi Aygün
Mövsümova və Əfruz Seyidova, əl işləri müəllimi Şəlalə Tahirova,
şahmat müəllimi İlkiz İsgəndərli iştirak ediblər.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Görüş zamanı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən
layihələr, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və
diaspor potensialının gücləndirilməsi məqsədilə görülən işlər
diqqətə çatdırılıb. Komitə əməkdaşı diaspor təşkilatlarına
göstərilən dəstək mexanizmləri, eləcə də perspektiv planlar
haqqında ətraflı məlumat verib.
İcmanın fəaliyyəti, yerli cəmiyyətə inteqrasiya, mövcud
dərnəklərin işinin təkmilləşdirilməsi, gələcək layihə və
təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb. Xaricdə yaşayan
azərbaycanlı uşaqlar üçün təşkil olunan ana dili dərsləri, şahmat
turnirləri və müxtəlif yaradıcılıq dərnəklərindən bəhs edilib. İcma
üzvlərinin təklif və təşəbbüsləri diqqətlə dinlənilib, onların
reallaşdırılması imkanlarına dair müzakirələr aparılıb.
İştirakçılar Azərbaycan Evində fəaliyyət göstərən həftəsonu
məktəbinin tədris prosesi ilə yaxından tanış olublar. Vətəndən
uzaqda yaşayan azərbaycanlı uşaqlara və gənclərə məktəbin tədris
proqramı, Azərbaycan dili, tarixi və mədəniyyətinin aşılanması
istiqamətində görülən işlərdən danışılıb.
Tədbir Azərbaycan Evinin fəaliyyətinin daha da inkişaf
etdirilməsi, icma birliyinin möhkəmləndirilməsi və diaspor
təşkilatları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi
baxımından mühüm əhəmiyyət daşıyır.


